"Qarabağ" 3 milyonluq məşhur hücumçu Bruno Petkoviçi gətirə bilər - Eksklüziv

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ" Futbol Klubu heyətini gücləndirəcək.
Azərbaycanın 12 qat çempionu bir neçə gün əvvəl 4 futbolçu - Yassin Benzia, Marko Veşoviç, Patrik Andrade və İsmayıl İbrahimliylə yolları ayırıb.
"Qarabağ" heyətinə 6-7 yeni futbolçunun cəlb olunması məqsədilə transfer fəaliyyətini sürətləndirib.
Azərbaycan təmsilçisi Xorvatiya yığma komandasının və "Dinamo Zaqreb"in təcrübəli hücumçusu Bruno Petkoviçlə maraqlanır.
Supersport.Az-a verilən məlumatda bildirilir ki, "Qarabağ"la "Dinamo Zaqreb"in 3 milyon avro qiymətində olan futbolçusu Petkoviç arasında razılıq əldə olunub və hansısa problem olmasa, keçidi yaxın günlərdə reallaşa bilər. 30 yaşlı futbolçunun xorvat klubuyla müqaviləsi 1 il sonra bitsə də, tərəflər qarşılıqlı şəkildə ayrılmağa qərar verib. Petkoviçi "Hayduk", "Beşiktaş", "Trabzonspor" və "Kocaelispor" da heyətinə cəlb etməyə çalışıb. Türkiyə mətbuatı Petkoviçin "Kocaelispor"la anlaşdığını qeyd edib.
Petkoviç İtaliyanın "Kataniya", "Recana", "Bolonya", "Verona" və başqa klublarda oynayıb, 2018-də "Dinamo Zaqreb"ə keçib.
Bruno Petkoviç istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda uğurlar qazanıb. Petkoviç Xorvatiya yığma komandasıyla iki dəfə Avropa çempionatında (2020, 2024) və dünya çempionatında (2022) iştirak edib. 2022-də Bruno Dünya Kubokunda bürünc, 2023-də UEFA Millətlər Liqasında gümüş medal qazanıb.
Petkoviç "Dinamo Zaqreb"lə 6 qat Xorvatiya çempionu, 3 dəfə Superkubokun, 2 dəfə ölkə kubokunun sahibi olub, dəfələrlə çempionatın ən yaxşı futbolçusu seçilib.
Bruno Petkoviçin boyu 193 sm-dir, klubunda 9 nömrəli formanı geyinib, "Dinamo Zaqreb"də Mahir Emreliylə rəqabətdə də üstün olub. Petkoviç ağıllı oyun, cəld hərəkəti və mübariz keyfiyyətilə seçilib.
Petkoviç, "Dinamo Zaqreb"də 279 rəsmi oyun keçirib, 88 qol vurub və 75 məhsuldar ötürmə edib, yoldaşlıq görüşləri də daxil olmaqla, 287 matç keçirib, 104 qola imza atıb.
Petkoviç "Dinamo Zaqreb"in heyətində üç dəfə Çempionlar Liqasının, üç dəfə Avropa Liqasının, bir dəfə də Konfrans Liqasının qrup mərhələsində mübarizə aparıb. Bruno Petkoviç UEFA yarışlarında Mislav Orşiçlə 28 qolla klubun bombardirləri siyahısında birinci yerdədir. Bruno klub tarixində ən çox Avropa yarışında 0oyun keçirən ikinci futbolçu kimi rekordçu Arijan Ademidən geri qalır.





