Azərbaycan futbolunun fiaskosu

Azərbaycan futbolunun fiaskosu
Futbol, Eksklüziv, Tribuna, Yazarlar, Reytinq
1051
20 Avqust 2024 - 17:17

Azərbaycan futbolunda əksər qurumlarda sistemsizlik, pulların ciblərə axması, bəzi oyunların qumara qoyulması ölkəmizə zərbələr vurur.   


Supersport.Az-ın məlumatına görə, UEFA-nın tərtib etdiyi yeni reytinqdə Azərbaycan çox ölkələrdən geri qalır.  55 ölkənin siyahısında indi 26-cı yerdəyik. Halbuki bəzi klublarımız bu mövsüm Avropa yarışında qalib gələn zaman 23-cü sırayadək irəliləyiş olmuşdu.


Çempionlar Liqasında təmsilçimiz "Qarabağ"ın ölkəmizə faydası çoxdur. Ağdam klubu 11-ci dəfə qrup mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan çempionu sistemli, peşəkar, düzgün fəaliyyət nəticəsində Avropanı fəth etməyə davam edir. "Qarabağ" hələ ki, minimum hədəfinə çatıb: əvvəl Konfrans, sonra Avropa Liqasının qrup yarışına vəsiqəni təmin edib. Bununla belə məşhur mütəxəssis Qurban Qurbanovun baş məşqçisi olduğu komanda maksimum məqsədə nail olmaq yolunda mübarizəni davam etdirir.


"Qarabağ"ın əsas istəyi Çempionlar Liqasının qrup mərhələsinə ikinci dəfə düşməkdir. Komanda heyətini gücləndirərsə, qitə turnirlərində nəticəsini daha da yaxşılaşdırar.    


"Zirə" əvvəlcə Avropa Liqasında uğursuzluqla üzləşdi. Buna səbəb klub rəhbərliyinin xəsislik edərək, komandaya lazımi sayda, keyfiyyətli yeni futbolçular almaması, baş məşqçi Rəşad Sadıqovun səhvləri səbəb oldu. Əgər işlər peşəkar qurulsaydı, Zirə təmsilçisi Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni erkən təmin edə bilərdi. Rəşad Sadıqovun komandası hazırda bu yarışın pley-off raundundadır. "Zirə" qrupa düşmək üçün "Omoniya" səddini keçməlidir və buna borcludur.  Çünki klub səviyyəsində yarışda ən azı qrupa vəsiqə qazanmaq uğur hesab oluna bilər.  


"Sumqayıt", "Sabah"  Konfrans Liqasında bərbad çıxışla yadda qaldı ki, bu da ölkəmizin reytinqdə geriləməsinə gətirib çıxardı. Sumqayıt təmsilçisi qitə turnirində "sürünən komanda" təsiri bağışlaraq, ilk mərhələdə mübarizəni dayandırdı. "Sabah" isə bir atımlıq barıtı olduğunu göstərdi. Hər iki klubun rəhbərliyinin qeyri-peşəkarlığı özünü göstərir. Komandalar vaxtında transferlər etmədiyindən, milyonlar kimlərinsə ciblərinə axdığından və havaya sovrulduğundan qitə yarışında rəzil oldular. Buna baxmayaraq, klubları məhvə aparanlar yollarına davam etdilər, onları sorğu-sual edib, kənarlaşdıran olmadı.


"Neftçi" kimi tarixi klub "sürünən, ölü komanda"ya çevrilib.


UEFA-nın bu mövsüm klub yarışında reytinqində liderlər sırasında İsveç (14.000 xal, bu mövsüm 3.500 xal), Ermənistan (12.500, 3.125) və Macarıstan (12.000 xal, 3.000) yer alıb. Azərbaycan (8.500 xal, 2.125) 16-cıdır.


Azərbaycan futbolunda uzun illərdir nağıl danışanlar, oğurluq, quldurluq edənlər bu sahəni darmadağın etməklə məşğuldurlar. Onları sorğu-sual edib, cəzalandırmırlar, əksinə, çox vaxt vəzifələrini böyüdürlər. 


Azərbaycan dövləti 15 ilə AFFA-ya 1,5 milyarddan çox pul xərcləyib. Ölkədə uşaq futbolu, yığma komandalar bərbad gündədir, infrastruktur baxımından ciddi problemlər var. Maliyyəsi bzidən dəfələrlə aşağı olan Gürcüstan son Avropa çempionatının final mərhələsinin iştirakçısı oldu. 


Milli mütəxəssislərin arzuolunmaz şəxs elan olunması da Azərbaycan futbolunu məhvə aparır.


Dövlət premyer liqanın hər klubuna 3 milyon manat ayırır ki, bu məbləğdə komandanın mətbuatda təbliğ olunmasına da pul xərclənməsi nəzərdə tutulur. Lakin əksər komandalar bununla bağlı maliyyə bölgüsündə ayrı-seçkilik edir, daha çox dost-tanışlarına maddi dəstək verirlər. Bununla əlaqədar araşdırma aparırıq, yaxın müddətdə bu baxımdan ciddi nöqsanlara yol verən qurumlar haqda yazı təqdim edəcəyik.       


Azərbaycan idmanında maliyyə yeyintisi, pulların ünvanı üzrə doğru şəkildə xərclənməməsi problemi də mövcuddur. Buna da son qoyulmalıdır. AFFA-nın əvvəlki rəhbərliyi maliyyə fırıldağı etmişdi. Bir sıra qurumlar, federasiyalar da bu çirkin işi görürlər. Bir müddət əvvəl Hesablama Palatası Gənclər və İdman Nazirliyinin fəaliyyətində yenə maliyyə nöqsanları aşkarlamışdı.



AFFA-nın yeni, müxtəlif qurumların, klubların rəhbərliyi şəffaf, ədalətli və peşəkar şəkildə çalışmalıdırlar ki, inkişaf olsun, ölkənin imici, reytinqi artsın.  


Ölkə futbolunda danışılmış oyunların, həmçinin Azərbaycan Premyer Liqasının əsas sponsorunun mərc şirkətinin olması bu sahəni bataqlığa sürükləyir.

Qumarla, fırıldaqla, saxtakarlıqla inkişaf olmaz. 


Allahdan qorxun, düzgün çalışın.         

 

Anar Cəfərsoy

Digər xəbərlər