Qalib ölkənin üzüqara yığması - Santuşa "milli təbrik", "qocalar", AFFA-da dərəbəylik

Qalib ölkənin üzüqara yığması - Santuşa "milli təbrik", "qocalar", AFFA-da dərəbəylik
Futbol, Eksklüziv, Tribuna, Yazarlar, Seçilmişlər
706
14 Oktyabr 2024 - 09:45


Qalib ölkənin üzüqara yığması.


UEFA Millətlər Liqasında üç oyunun hamısında məğlub olan, 0-la Avropanın ən bərbad seçmə komandaları arasında yer alan Azərbaycanın milli komandası.   


Futbolçularının əksəriyyətində vətənpərvərlik, döyüşkənlik, milli ruhun olmadığı milli komanda. Əslində belə oyunçuları olan kollektivə milli komanda deməyə də dilimiz gəlmir. İllərdir Vətəndə yaşayan, ən yaxşı nemətlərdən faydalanan, milyonlar qazanan milli komandanın formasını geyənlər var ki, ana dilimizi, himnimizi hələ də bilmirlər, öyrənmək də istəmirlər. Belələri qardaş Türkiyədə olsaydı, daşa basılardı.


Bu gün milliyə bir qəpiklik futbol oynamayanlar, sifarişlə çağrılanlar hələ də var: Coşqun Diniyev, Aleksey İsayev kimiləri. 


Azərbaycanın qəhrəman oğulları Vətən uğrunda ermənilərə qarşı döyüşdə can qoyanda İsayev fəxrlə erməni dostuyla şəkil paylaşırdı.   


Ramil Şeydayevin, Mahir Emrelinin, Renat Dadaşovun, Bədavinin, Rahilin səhvləri "n" qədərdir. Qismət Alıyevlə Ceyhun Nuriyev milli komandalıq oyunçu deyil. Qolkiper Mehdi sanki hərdən "yuxu"lu olur.    


Yığma komandada qəsdən oynamayanların da olduğu hiss olunur.  


Milliyə Elvin Cəfərquliyev kimi can yandıran futbolçular lazımdır.


Milliinin baş məşqçisi Fernandu Santuş "Neftçi"nin keçmiş baş məşqçisi Roman Qriqorçukun yolunu gedərək, Emin Mahmudov kimi təcrübəli futbolçunu sıxışdırır, kapitanlıq sarğısını da əlindən aldı, adını da qoyub ki, tapşırıqları yerinə yetirə bilmir.   

 

Qrupun ən zəifi estonlara məğlubiyyətin ardından qəzəblənən bir qrup azarkeş millinin oyununu boykot etdi, fanatlardan AFFA rəhbərliyinə ölüm arzulayanlar, istefa, yığma komandanın ləğv olunmasını tələb edənlər də oldu.   


Azərbaycanın imicinə zərbə vuranlar utansınlar. 


Bu günlərdə Azərbaycanın futbol yığmasının baş məşqçisi Fernando Santosun 70 ili tamam oldu. Yığmamızın rəhbəri 1 il də qocaldı. Elə futbolumuz da qocalığa doğru addımlayır. Bivec övladlar kimi bizim qoca futbolçular da Portuqaliyadan olan mütəxəssisi sevindirə bilmədilər. Halbuki buna görə pul xərcləmək də lazım deyildi. Sadəcə, estonların qapısından toplar keçirməli idilər. Bunu da Avropa çempionu Santuşa qıymadılar, ona yubiley "hədiyyə"sini belə verdilər. İndi Santos papağını qabağına qoyub ciddi fikirləşməlidir, belə övladlarla davam, yoxsa tamam. Düzdür, Santuşun fərasətli, cavan nəvələri və nəticələri də yoxdur. U-21, U-19 və digər yığma komandalarımızın nəticələri qocalığın əlamətlərindən xəbər verir. Vaxtından əvvəl qocalıblar. Çünki ana südü içməyiblər, dayələri yaxşı qulluq eləməyib. Artıq vaxtı gəlib. Santuş məsuliyyəti üzərinə götürüb köklü dəyişiklik etməlidir.


Ortada sual yaranır. Necə? Çünki Elxan Məmmədov Azərbaycan futbolunu öz şəxsi biznesi kimi idarə edib, dostlarına, qohumlarına karyera yaradanda futbolumuzun təməlini fikirləşməyib. Qurban Qurbanov, Tərlan Əhmədov, Rəşad Sadıqov, Samir Abbasov, Ayxan Abbasov kimi məşqçilərə etimad göstərilməyib. Xaricdən gətirilən məşqçilər külli miqdarda pul mənimsəyib gediblər. İndi də Santuş. Niyə Tərlan Əhmədov olmasın? Hal-hazırda təcrübəli məşqçilərimizdən yalnız o, işsizdir. Tərlan Əhmədov futbolçu kimi Avropa çempionudur, məşqçi kimi də nəticələri göz qabağındadır. Qurban Qurbanovun nəticələri ondan sonra gələn yadellilərin nəticələrindən çox yaxşı oldu. Qurbanovla Əhmədova qarşı niyə hörmətsizlik edilir?  


Santuş məğlubiyyətlərdə AFFA rəhbərliyinin, özünün və futbolçuların günahkar olduğunu etiraf etdi.


Azərbaycan futbolunun qurtuluşu AFFA-da oturan Elxan Məmmədovun adamlarının təmizlənməsindən sonra mümkündür. Bütün komitələrdən, başda məşqçilər komitəsi olmaqla yarışların keçirilmə departamenti, lisenziya departamenti, hakimlər komitəsindən E.Məmmədovun adamları kənarlaşdırılmalı və həmin yerlərə futbolumuzu düşünən təmiz mütəxəssislər gətirilməlidir. Sözardı olaraq bildirək ki, hələ də hakim-inspektor Şahin Cəfərov təyinatlardan kənar saxlanılır. Niyə AFFA rəhbərliyi? Oğurluğu aşkar etdiyi üçün? Onu da bildirək ki, Şahin Cəfərov ölkə kubokunun sahibidir, futbolçu olub. Elxan Məmmədovun rəhbərliyi dövründə Hakimlər Komitəsində Elçin Məmmədovun əliylə hakimlərə artıq qonorar yazaraq onlardan pul toplamaq kimin göstərişi idi? Belə anlama gəlinir ki, Hakimlər Komitəsində yer alanlar ancaq əyri yollarla varlanmaq istəyirlər. Elxan Məmmədovun adamları bundan artığına qadir deyil. Demək ki, hakimlərin də təməli düzgün deyil və oyunlarda baş verən səhvlər buradan qaynaqlanır. Dediyim kimi AFFA-dakı bütün komitə və depatamentlərdən Elxan Məmmədovun adamları qovulmalıdır. Yeni AFFA rəhbərliyi, bunu edə biləcəksiniz, yoxsa Elxan Məmmədovun FİFA-dan gələn tapşırıqlarını yerinə yetirərək artıq qocalan futbolumuza qəbir qazmağa başlayacaqsınız? 


AFFA-nın indiki rəhbərliyi, siz də köhnələr kimi milyardları havaya sovurmayın. 


Azərbaycan futbolunun çarəsinin, dava-dərmanının, dəqiq diaqnoz qoyan birinin tapılmasına ümid bəsləyəkmi?


Anar Cəfərsoy


 

Digər xəbərlər