"Zirə"də çöküş: Orxan Məmmədov çətin vəziyyətə düşüb

"Zirə"də çöküş: Orxan Məmmədov çətin vəziyyətə düşüb
Futbol, Eksklüziv, Tribuna
816
10 İyul 2025 - 17:55

Azərbaycanda futbolun inkişaf etdirilməsi klublarından da çox asılıdır. AFFA başda olmaqla əksər komandalar da, peşəkar fəaliyyət göstərmədiyindən bu sahə problemlər batağındadır. 


"Zirə" Futbol Klubu da bu sıradadır. Baxmayaraq ki, adında Peşəkar sözü də var.


11 illik Zirə komandası böyümək, Avropa yarışının əsas mərhələsinə vəsiqə qazanmaq istəmir. "Zirə" infrastruktur baxımından geridə qalan, ev oyunlarını cəmi 1500 tamaşaçı tutumlu Zirə İdman Kompleksinin stadionunda oynamağa üstünlük verən komandadır. Görün "Zirə" nə gündədir ki, Avropa matçlarını bərbad vəziyyətdə olan "Neftçi"nin idman qurğusunda keçirəcək. 


İddiaya görə, UEFA Konfrans Liqasında "Hayduk"la qarşılaşacaq "Zirə"də ciddi maliyyə böhranı yaşanır. Buna görə Zirə klubunun rəhbərliyi həm futbolçulara, həm də dəstək verdiyi mətbuata aylardır ümumilikdə milyonlar borcludur. Bu, kəskin narazalığa səbəb olub. "Zirə"nin pis vəziyyətə düşməsinin məsuliyyəti - klubun Müşahidə Şurasının sədri Orxan Məmmədovla prezidenti Taleh Nəsibovun üzərinə düşür. Maliyyə böhranı, pullarını ala bilməyən braziliyalı aparıcı futbolçu, 2 illik müqaviləsi qalan Rafael Utziqlə, 1 illik kontraktı olan ukraynalı Eldar Quliyevin komandanın düşərgəsini tərk etməsinə səbəb olub.


Orxan Məmmədov həm Azərbaycan Minifutbol Federasiyasının prezidenti, Taleh Nəsibov isə icraçı vitse-prezidentidir.


Bir müddət əvvəl ölkəmizdə keçirilən yarışda minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionu oldu, prezident İlham Əliyev tərəfindən qəbul edildi, 2 milyon manat ayrıldı. Federasiya millinin hər üzvünü 50 min manatla mükafatlandırdı. 


İddiaya əsasən, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının təşkilinə azı 5 milyon manat xərcləyib ki, buna görə də "Zirə" pis vəziyyətə düşüb. Əlbəttə ki, belə yarışın ölkəmizdə keçirilməsi, uğurlu nəticə müsbət məqamdır. Ancaq Orxan Məmmədov ölkəmizi UEFA yarışında təmsil edəcək "Zirə"ni də diqqətdə saxlamalı, unutmamalıdır.


Bir mənfi məqamı da bildirək ki, Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyi media nümayəndələrinə münasibətdə ayrı-seçkilik edərək, Gənclər və İdman Nazirliyi, həmçinin AFFA rəhbərliyinin səhv yolunu gedir. Məsələ burasındadır ki, dünya çempionatının ardından minifutbol qurumu yarışı yüksək səviyyədə təbliğ edən bəzi jurnalistləri çempionluğun qeyd olunduğu tədbirdən, diplom almaqdan kənarda qoyub. 


Avropa yarışında Xorvatiya təmsilçisi "Hayduk"la üzləşəcək "Zirə"nin acınacaqlı durumuna qayıdaq. Zirə maliyyə problemi yaşadığından düz-əməlli transferlər də etməyib, üstəlik aparıcı futbolçusu Rafael Utziq, həmçinin Eldar Quliyevi itirib. 


"Zirə" "Qarabağ"la yoxlama oyununda meydanda "süründü", Türkiyənin birinci liqa klubunu çətinliklə məğlub edib.


"Zirə" klubunun da rəhbərliyi bilməlidir ki, Avropa yarışında Azərbaycanı təmsil edirlər və növbəti ağır hesablı məğlubiyyətlər ölkəmizə zərbədir. "Zirə" ötən mövsüm "Omoniya"ya 0:6 hesablı biabırçılığı unutmamalı, dərs almalıdır ki, "Hayduk" qarşısında da rüsvayçılıq olmasın. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri də olan Orxan Məmmədov sıx əlaqələri hesabına daha çox imkanlı sahibkarları sponsor kimi klubuna cəlb edərək, "Zirə"ni Avropa səviyyəli komandaya çevirə bilər.


Supersport.Az

Digər xəbərlər