"Neftçi"ni məhv edənlər...

"Neftçi"ni məhv edənlər...
Futbol, Eksklüziv, Tribuna, Seçilmişlər
686
07 Oktyabr 2024 - 15:39

Azərbaycan futbolunda dünyada analoqu olmayan mənfi proseslərə təəccüblənməyin. 


"Neftçi"nin 12 ildir rəhbərliyinə gələnlər komandanın axırına çıxmağa çalışıblar.  Ədalətsizliklər, şəxsi maraqlar, pula hərislik, qeyri-peşəkarlıq, bərbad idarəçilik, milyonların dağıdılması, uğursuzluqlar ortadadır. İndi də klubu dağıdan "qurdlar" daxildədir.


"Neftçi" ölü komandaya çevrilib, tarixində utanc vəziyyətinə düşüb, bu mövsümki kimi uğursuz çıxış etməyib:  9 tur,  5 xal, 0 qələbə, 9-cu yer.


"Neftçi"nin düşmənləri sapı özündən olan "baltalar"dır. 


Komandanın bataqlığa düşməsinin, məhvə doğru aparılmasının əsas səbəbi klubda bəzi qruplaşmaların olmasıdır.


İdman müşaviri Kamil Məmmədovun dəstəsi zəif futbolçuları kluba sırımaqla uğursuzluğun əsas günahkarlarından sayılır.  Roman Qriqorçuk komandaya gələndən sonra 11 futbolçunu yola saldı.


"Neftçi"nin faciəvi vəziyyətə düşməsində ukraynalı məşqçi də böyük məsuliyyət daşıyır. Qriqorçuk  əməllərinin nəticəsində özünə quyu qazdırdı. Məsələ burasındadır ki, 59 yaşlı Roman onu bura gətirən direktor Zaur Əzizovla birləşib bəzi futbolçular transfer etdi, kobud səhvlərə yol verdi, yerli futbolçulara qənim kəsildi. Qriqorçuk təcrübəli azərbaycanlı futbolçuları da sıxışdırmağa başladı, hətta heyətdən kənar qoydu. "Neftçi"nin 6 il kapitanlıq sarğısını daşıyan Emin Mahmudova böyük haqsızlıq edildi. O, bəzən meydana buraxılmadı, ukraynalı məşqçi yalandan Eminin zədəli olduğunu da dedi. Bu azmış kimi Emin Mahmudovun kapitanlıq sarğısı əlindən alındı, Ramil Şeydayevə verildi. Qriqorçukun qəzəbinə tuş gələn digər futbolçu Qara Qarayev isə "qara siyahı"ya salınıb göndərildi. Rəhman Hacıyevlə Azər Salahlını da baş məşqçi sıxışdırdı.


Bütün bunların mənfi nəticəsi olaraq, "Neftçi"də parçalanma sürətləndi. Bəzi futbolçular baş məşqçi Roman Qriqorçukun addımını ədalətsiz qərar  hesab edərək, ona qarşı çıxdı. Ukraynalı məşqçinin də gətirdiyi futbolçular heç bir işə yaramadı, meydanda süründülər. Bəzi oyunların qumara qoyulmasını da ehtimal etmək olar. 


Roman Qriqorçukla Kamil Məmmədov və bəzi futbolçular arasında "soyuq müharibə" komandanı bataqlığa apardı. Çox güman ki, əksər oyunçular qəsdən zəif oynayaraq, baş məşqçiyə quyu qazdılar. Artıq "Neftçi" Qriqorçuku yola salacaq. Komanda elə vəziyyətə gətirildi ki, baş məşqçi özü istefa versin ki, böyük məbləğdə təzminat ödənməsin. 


"Neftçi"nin rəhbərliyi klubu bərbad günə salanlardan biri, idman direktoru Yens Andersonu kənarlaşdırdı. İsveçliyə 1 il müddətində 1 milyon manat ödəndi və göndərilən zaman Azərbaycan klubu ona qiymətli xalça da hədiyyə etdi.



"Neftçi" azarkeşləri klub rəhbərliyinin, baş məşqçinin istefasını stadionlarda yox, yalnız sosial şəbəkələrdə tələb və orada futbolçuları tənqid edirlər. 


Kamil Məmmədov baş məşqçi vəzifəsinə Samir Abasovu gətirməkdə israrlıdır. "Sumqayıt" 8-ci turda "Neftçi"dən xal qoparanda Məmmədovun Abasovla danışığa başlamasını videogörüntüyə almışdıq.


"Neftçi"nin yeni baş icraçı direktoru Cenk Sümərin də fəaliyyətində mənfi hallar var. Onun gəlişindən sonra akademiya direktoru Cemal Bülbül azərbaycanlı mütəxəssisləri sıxışdırmağa başlayıb. 


"Beşiktaş"ın keçmiş işçisi Cenk Sümer istəyir ki, əsas komandayla aşağı yaş qrupunda kollektivlərə türkiyəli məşqçiləri gətirsin.


"Neftçi"nin media koordinatoru, mühafizəçiləri də düzgün çalışmalıdır, mətbuat nümayəndələrinə hörmətsizlik etməməlidir.


Anar Cəfərsoy



Digər xəbərlər