Prezident İlham Əliyev Rövşən Nəcəfə iradlar bildirib?

Prezident İlham Əliyev Rövşən Nəcəfə iradlar bildirib?
Futbol, Eksklüziv, Tribuna, Yazarlar, Seçilmişlər
949
17 Oktyabr 2024 - 20:55

Nazir Fərid Qayıbovla AFFA prezidenti Rövşən Nəcəf arasında "soyuq müharibə" futbola zərbələr vurur


AFFA-nın yeni rəhbərliyinin də bərbad fəaliyyəti nəticəsində ölkəmiz beynəlxalq miqyasda biabır edilir, klublara da zərbələr vurulur.


Azərbaycan qalib ölkədir, millisi məğlubdur, adı qalıb, özü "ölüb".


Ölkəmizin yığması bu mövsüm UEFA Millətlər Liqasında 0-la Avropanın 54 ölkəsi sırasında sonuncudur.


Azərbaycanın futbol yığmasının 4 oyunun hamısında məğlubiyyətlə barışması rəzalətdir. 


Avropanın ən bərbad seçmə komandaları sırasında Azərbaycan yığmasının da olması rüsvayçılıqdır.


Millətlər Liqasında sıfır nəticə göstərən ölkələr: Azərbaycan, İsrail, Finlandiya, Litva, Çernoqoriya, Andorra.


Uğursuzluqlarda klubların, AFFA rəhbərliyinin, yığma komandaların məşqçilərinin, futbolçuların günahı var. Uşaq futbolundan tutmuş milli çempionatın zəif olmasınadək milli komandaya böyük mənfi təsiri olur.


AFFA-nın yeni rəhbərliyi də köhnə rəsmilərin uğursuz yolunu gedir. 


Sıfır idarəçilik, sıfır nəticələr...


Avropa çempionu Fernando Santosla 4 illik 4 milyonluq muqavilə bağlayan AFFA-nın rəhbərliyində olan şəxslər futboldan bixəbər olduqlarını ortaya qoyurlar. Santuşun ulduz futbolçuların hesabına Portuqaliyaya uğur qazandırdığını hər kəs bilsə də, AFFA-dakı idarəçilər, bunu, futbolumuzun mövcud vəziyyətini, mütəxəssislərin fikirlərini nəzərə almadıqları üçün pis duruma düşüblər. AFFA Fernando Santosu milliyə baş məşqçi təyin edərkən "Qarabağ"ın baş məşqçisi, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov futbolumuzun xilas yolunun bunun olmadığını yaxşı bildiyindən iclasa qatılmamışdı.


Rövşən Nəcəfin rəhbərliyi dövründə "Neftçi" bərbad günə düşdü, indi isə ümumi futbolumuz daha ağır vəziyyətə salınıb. AFFA-da dərəbəylikdir, hətta çoxları işə kefləri istəyəndə gəlirlər. Azərbaycanın milli komandası 4 oyunda 0 göstəriciylə antirekordçular sırasındadır. Demək olar ki, müxtəlif yığmaların uduzmadığı komanda qalmayıb, ölkəmiz ada ölkələrindən də dünya reytinqində geri qalır.


AFFA 6 aydır milyonlar xərcləməklə xaricilərə strategiya yazdırır, UEFA-dan uşaq futboluna göndərilən toplar, formalar oğurlanır, ünvanına düzgün çatdırılmır. Meydançalar çatışmır, olanlar da bərbad gündədir, süni meydançalar isə futbolçuların gələcəyi üçün təhlükədir.


Azərbaycan qalib, Qafqazda lider ölkə olsa da,  indiyədək futbola milyardlar xərcləsə də, bu sahədə çox geridədir. Avropa çempionatının final mərhələsində iştirak edən Gürcüstan yığması hazırda Millətlər Liqasının B liqasında 6 xalla qrupunda ikinci, ermənilər isə C liqasında 4 xalla ikinci pillədədir.


Azərbaycan yığması isə 0-la C liqasında sonuncudur, 54 ölkə sırasında da axırıncıdır.


Gənclər və İdman Nazirliyi ilə AFFA arasında "soyuq müharibə" gedir ki, bunun da futbolumuza böyük zərbələri dəyir. Belə çıxır ki, bu qurumların rəhbərlərindən Fərid Qayıbovla Rövşən Nəcəf özlərini "Kral" hesab edirlər. F.Qayıbov 6 ay əvvəl AFFA-nın seçkisini boykot etmişdi. Fərid Qayıbovla Rövşən Nəcəf, incikliyi kənara qoymalı, ölkə futbolunun problemlərini həll etməlidirlər.


AFFA-nın klublarla bağlı işində də ciddi nöqsanlar var. Qurumun hakimlərinin rüsvayçı qərarları "Turan"ın rəhbəri Ehtiram Quliyevin də əziyyətlərini yerə vurur. AFFA-nın Hakimlər Komitəsinin belçikalı sədri Frank de Bleker Tovuz klubunun futbolçusunun sifətinə karate zərbəsi vuran "Araz Naxçıvan"ın futbolçusuna sarı vərəqə  verməklə kifayətlənən Elçin Məsiyevi müdafiə etməklə özünü "ağıllı" göstərməyə çalışıb. Belə sədri olanın, belə də referisi olar.


AFFA-nın yarıtmaz əməlləri saymaqla qurtarmır, dövlətin ayırdığı yardım da futbol komandalarına gec verilir. 


Klublardan aylardır iradlar bildirilsə də, mətbuatda bu haqda dəfələrlə məlumat yayılsa da, AFFA rəhbərliyi bunlardan 6 aydır dərs almır. 


AFFA-nın icraçı vitse-prezidenti, baş katib Sərxan Hacıyev söz vermişdi ki, gecikmə olmayacaq. Ancaq onun bu vədi də yalan oldu.


SOCAR, AFFA prezidenti aylardır dövlətin klublar üçün ayırdığı illik 3 milyon, aylıq 300 min manatı ödəmir.


Əcnəbisevər Rövşən Nəcəf, milyonlar alan portuqaliyalı Fernandu Santuş, belçikalı Frank de Bleker və başqalarına isə pulları vaxtında verir. 


AFFA borcları ödəmədiyindən premyer liqa klublarında narazılıq artıb, aşağı liqa komandalarından bəziləri çempionatda iştirakını dayandırmaq, dağılmaq üzrədir. Hətta "Lerik" klubu maliyyə problemi səbəbindən Bakıda "Şəfa"yla oyuna gələ bilməyib. 


Futbol ictimaiyyətinin iddiasına görə, ölkəmizin müxtəlif yığma komandalarının bərbad çıxışından kəskin narazı olan ölkə prezidenti İlham Əliyev, AFFA-nın prezidenti Rövşən Nəcəfə iradlar bildirib.


Allah doğrunu bilir.



Supersport.Az








Digər xəbərlər