AFFA-nın "yuxu strategiya"sı

AFFA-nın "yuxu strategiya"sı
Futbol, Eksklüziv, Tribuna, Yazarlar
623
28 Fevral 2025 - 23:49

Azərbaycan idmanının idarəçiliyində də ciddi problemlər var.


"AFFA bu baxımdan liderlər sırasındadır" desək, doğru olar.


Ölkənin bir nömrəli futbol qurumunun rəhbərliyində dəyişiklik hələ ki, uğursuzdur.


AFFA-nın yeni-köhnə idarəçilərinin fəaliyyətsizliyinə əsasən, belə fikir yürütmək mümkündür. Onlar 10 ay "yuxu strategiyası"na, "gizləndirilmiş rejim"ə üstünlük verdilər.


AFFA rəhbərliyi 10 ay müddətində demək olar ki, heç bir faydalı iş görmədi.


"Neftçi"ni qara gündə qoyub AFFA prezidentliyinə gələn Rövşən Nəcəf bir sıra səhv addımlarla meydana atıldı. 


Bir məqamı yada salaq ki, gənclər və idman naziri Fərid Qayıbov qurumun əvvəlki "kral"ı Rövnəq Abdullayevlə dost olsa da, yeni "kral" Rövşən Nəcəfə düşmən kəsildi. Qayıbov AFFA prezidentliyinə seçkini boykot etdi, tədbirə gəlməyi lazım bilmədi, sonra da soyuq münasibətləri davam etdirdi. 


Strategiyasız, plansız, vədlərinə əməl etməyən AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin komandası isə 10 ayı boşa verdi, fəaliyyətlərində "sıfır"la yadda qaldılar ki, buna görə də, media, idman ictimaiyyəti və azarkeşlər tərəfindən sərt tənqid olundular. 


AFFA-nın yeni rəhbərliyi dövründə də Azərbaycan futbolu "ölü" vəziyyətində davam edir, yığma komandalar beynəlxalq yarışlarda biabırçı məğlubiyyətlərlə üzləşdi, uşaq futbolunda problemlər həll olunmadı, əksinə artdı. 


Rövşən Nəcəf, Sərxan Hacıyev, Elşad Nəsirov, Balakişi Qasımov əvvəlki rəhbərlərdən Rövnəq Abdullayevlə Elxan Məmmədovun iflas yolunu gedir. 


AFFA-nın yeni rəhbərliyi də əcnəbisevərliyini göstərir. Yerli mütəxəssislərə, klublara, media nümayəndələrinə də ədalətsizlik edir.


Futbolu bərbad olan ölkənin milli komandasının baş məşqçisi vəzifəsinə xarici məşqçinin gətirilməsinin mənasız olduğu bir daha sübut olundu. Azərbaycan yığması Millətlər Liqasında 1 xalla qrupda sonuncu oldu, ən aşağı liqaya yuvarlandı. AFFA rəhbərliyi isə başından milyonlar tökdüyü, uğursuz baş məşqçi Fernando Santuşu vəzifədə saxladı.


Azərbaycan futbolunun strategiyası əcnəbilərə yazdırıldı: 3-4 milyon avroya. 


Uzun illərdir yerli mütəxəssislərin, idman ictimaiyyətinin, media nümayəndələrinin dedikləridir AFFA-nın xaricilərə yazdırdığı strategiyada. 


AFFA rəhbərliyi İcrakomu gizlikoma çevirib. Qurumda çoxları istədikləri vaxtda işə gəlirlər.


SOCAR-ın da prezidenti olan Rövşən Nəcəf isə AFFA-ya nadir hallarda gəlməyi lazım bilir, yalnız İcraiyyə Komitəsinin iclaslarında futbol qurumunda görünür. Çox güman ki, Rövşən bəyin başı neftə bərk qarışıb, çox vaxt futbolu yaddan çıxarır. AFFA prezidenti Rövşən Nəcəf milli komandanın, klubların Avropa, həmçinin Azərbaycanın futbol yarışlarında gözümüzə görünmür. Nəcəfin kadrları da çox vaxt ölkə çempionatına etinasız yanaşır.


AFFA rəhbərliyi uşaq futbolunda inkişaf yolunu uşaqlara cırıq top verməkdə görür. UEFA, FİFA-nın verdiyi milyonlar kimlərin cibinə gedir, beynəlxalq qurumların göndərdiyi toplar, formalar, ləvazimatlar niyə mənimsənilir, oğurlanır, ünvanına çatdırılmır? AFFA rəhbərliyi bu suallara cavab versin.


AFFA-yla bağlı növbəti yazılarımızda qurumun fəaliyyətindəki qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq.


Supersport.Az





Digər xəbərlər