"Qarabağ"la "Şkendiya" arasında fərqlər

"Qarabağ"la "Şkendiya" arasında fərqlər
Futbol, Foto
519
31 İyul 2025 - 11:47

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq.


Azərbaycanın 12 qat çempionu, 8 dəfə ölkə kubokunun qalibi "Qarabağ"ın 12 il ardıcıl avrokubokların əsas mərhələsində iştirakı böyük təcrübəyə malik olduğunu göstərir. Ağdam klubu 1951-ci ildə qurulub, 74 yaşındadır. 


"Qarabağ"ın futbolçularının ümumi qiyməti 24.15 milyon avrodur. Ağdam komandasının heyətində 25 futbolçunun 14-ü legionerdir (56 faiz), 11-i milli üzvüdür, yaş ortalaması 27-dir.


"Qarabağ" avrokuboklarda ev matçlarını 31 min 200 tamaşaçı tutumlu Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.


"Qarabağ"ın baş məşqçisi, 53 yaşlı mütəxəssis Qurban Qurbanov 17 ildir klubu çalışdırır.


Tetovo şəhərini təmsil edən "Şkendiya"nın əsası 1979-cu ildə qoyulub, 46 yaşlıdır.


Bir müddət sonra fəaliyyətini dayandıran "Şkendiya", 1992-ci ildə bərpa olunub. Ölkə çempionatlarında çıxışına aşağı liqalardan başlayan komanda, addım-addım irəliləyərək 2010/11 mövsümündə tarixinin ilk zəfərinə imza atıb. Həmin vaxt ilk çempionluğunu bayram edən tetovolular 2017/18, 2018/19, 2020/21 və 2024/25 mövsümlərində də qızıl medala sahib çıxıb. Şimali Makedoniyanın beşqat çempionunun hesabında 4 gümüş mükafat da var.


2016-cı və 2018-ci illərdə ölkə kubokuna sahib çıxan "Şkendiya" üç dəfə finalda məğlub olub. 2011-ci ildə isə klub tarixinin yeganə Superkubokuna sahib çıxıb.


Avrokuboklarda 2011-ci ildə debüt edən "Şkendiya"nın ən böyük uğuru pley-off mərhələsində iştirakdır. Makedoniya klubu 2016/17, 2017/18 və 2018/19 mövsümlərində Avropa Liqasının qrup mərhələsinin bir addımlığında dayanıb.


Cari mövsümdə isə "Şkendiya" tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib. Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniya FCSB-sini (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəliblər.


"Şkendiya"nın futbolçularının ümumi dəyəri 5.5 milyon avrodur. Şimali Makedoniya klubunun 24 futbolçusu, 10 legioneri (41.7 faiz) var, 1 oyunçusu millidədir, yaş ortalaması 25.2-dir. 


"Şkendiya" ev matçlarını 15 min tamaşaçı tutumlu "Ecolog Arena"da keçirir.


Klubun baş məşqçisi 43 yaşlı Jeton Bekjiri 2024-də 2 illik müqavilə imzalayıb. 

"Şkendiya" Rumıniyanın təcrübəli komandası FKSB-ni kənarlaşdırıb. "Styaua"nın futbolçularının qiyməti 50.18 milyon avrodur, 33 oyunçusu, 10 legioneri (30.3 faiz), millidə 15 üzvü var, yaş ortalaması 27-dir.


Qeyd edək ki, “Qarabağ”la “Şkendiya” arasında ilk oyun avqustun 5-də və ya 6-da, cavab görüşü 12-də keçiriləcək. İlk matç Şimali Makedoniyada olacaq.



Digər xəbərlər