"Cenk Sümer, Kamil Məmmədov, Samir Abasov, Zaur Əzizov, belə olsa, sizi qovacağıq" - "Neftçi"də şok

Supersport.Az saytına "Neftçi" Futbol Klubuyla bağlı şok xəbər daxil olub.
Məlumatda bildirilir ki, paytaxt klubunun rəhbərliyi iki mövsümdür ölkədaxili yarışlarda biabırçı çıxış edən komandanın rəsmilərinə sərt xəbərdarlıq edib.
"Neftçi"nin Müşahidə Şurası, klubun rəhbərliyində olan baş icraçı direktor Cenk Sümer, idman üzrə müşavir Kamil Məmmədov, futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov, baş məşqçi Samir Abasov qarşısında şərt qoyub ki, yeni sezonda uğur qazanılmalıdır. Rəhbərlik bu dörd şəxsə deyib ki, onlara son dəfə şans veriləcək. "Neftçi"nin başçıları, Cenk Sümer, Kamil Məmmədov, Zaur Əzizov və baş məşqçi Samir Abasova, komanda yenə uğursuzluğa düçar olacağı təqdirdə, qovulacaqları mesajını çatdırıb.
Rəhbərlik transfer məsələsini tam olaraq idman üzrə müşavir Kamil Məmmədova həvalə edib.
Xatırladaq ki, “Neftçi” PFK-nın Müşahidə Şurasının nümayəndələri ilə baş məşqçi Samir Abasov, Baş İcraçı Direktor Cenk Sümer, idman və maliyyə departamentlərinin iştirakı ilə may ayında keçirilən iclaslarda mövsümün nəticələri müzakirə edilib. Baş İcraçı Direktor klubun illik fəaliyyəti haqqında Müşahidə Şurasına məlumat verib, baş məşqçi, maliyyə direktoru və idman departamentinin hesabatları dinlənilib.Müşahidə Şurası komandanın nəticələrindən ciddi narazılığını dilə gətirib, mövsümün yekunlarını qəbuledilməz kimi qiymətləndirib. Eyni zamanda seleksiya işlərindəki mövcud nöqsanlar da müzakirə edilib.Bununla belə, Müşahidə Şurası Samir Abasova tam dəstək nümayiş etdirib və klubun digər şöbələrinə baş məşqçinin komanda quruculuğu ilə bağlı istəklərinə uyğun transfer strategiyasının həyata keçirilməsi üçün hər cür dəstəyin verilməsini tapşırıb. Samir Abasovun qarşısında ölkənin ən köklü klubu olan "Neftçi"nin adına layiq güclü, ən yüksək hədəflər uğrunda mübarizə aparacaq komandanın qurulması və qısa müddətdə bu istiqamətdə ilk addımların atılması tələb kimi qoyulub. Müşahidə Şurası bu yolda Samir Abasova hər cür dəstək göstərəcəyini bildirib.
Eyni zamanda baş məşqçi, Baş İcraçı Direktor və idman departamentinə komanda quruculuğu prosesinin hazırda davam edən və klubun büdcəsinin müəyyən hissəsini əhatə edən genişmiqyaslı infrastruktur layihələrinin icrasına mənfi təsir göstərməməsi tapşırığı verilib.
Bir məqamı da qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurasında yer alanlar - sədr Hafiz Zeynalov, üzvlər - elm, təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədovadır.