Gürcüstanın dünyada hegemonluğu, Azərbaycan cüdo yığmasının geriləməsi

Gürcüstanın dünyada hegemonluğu, Azərbaycan cüdo yığmasının geriləməsi
Olimpiya, Eksklüziv, Tribuna, Cüdo
364
28 İyun 2025 - 23:31

Azərbaycanda idman sahəsinə dövlət dəstəyi çoxdur. Beynəlxalq yarışlarda uğur qazanan idmançılar, məşqçiləri pulla, evlə mükafatlandırılır. Bəzi çempionlar sonradan "ulduz xəstəliyi"nə tutulur, uğurun davamını gətirə bilmirlər. Azərbaycanda Gürcüstanla müqayisədə idmana dəstək çox üstündür. Ancaq qonşu ölkənin bəzi idman növlərində yığma komandaları beynəlxalq yarışlarda ölkəmizdən daha yaxşı nəticələr göstərirlər. Gürcüstanın futbol və cüdo seçmə komandalarını nümunə göstərmək olar.  


Bu il Gürcüstanın cüdo yığması qarışıq komanda yarışında əvvəlcə Monteneqroda Avropa, ardından Macarıstanda dünya çempionu oldu.  Gürcüstanın ikiqat olimpiya çempionu var, Azərbaycanın isə yoxdur.


Gürcülər qarışıq komandayla dünya çempionatında Çini (4:1), İtaliyanı (4:0), dünya çempionu Yaponiyanı (4:2) və finalda Cənubi Koreyanı (4:1) məğlub etdilər. Gürcüstan bu uğurla 2017-ci ildən 7 dəfə ardıcıl dünya çempionu olan yaponların üstünlüyünə son qoydu. Almaniya və Yaponiya üçüncü yerlə kifayətləndi.


Gürcüstan dünya çempionatında fərdi yarışların nəticəsinə əsasən, 2 qızıl, 2 gümüş, 1 bürünc medalla mükafat siyahısında üçüncü oldu. Azərbaycan isə 3 "bürünc"lə 14-cü yerlə kifayətləndi.


Dünya çempionatında 93 ölkənin 556 idmançısı mübarizə apardı.


Azərbaycan mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışda təmsil olundu. Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazandı.


Gürcüstan cüdosunun uğurlarının sirri bir sıra məqamlarla əsaslandırılır. Bu ölkədə cüdonun bir nömrəli idman növü olduğu bildirilir. Gürcüstanın cüdo ənənəsinin qədimliyinin, bu sahədə məşğul olanların sayının çox olmasının, cüdoya bənzəyən milli güləşi "Çidaoba"nın inkişafının nailiyyətlərin qazanılmasında əsas rol oynadığı vurğulanır. Gürcülər dünya çempionu daha çox yaponlarla birgə hazırlıq keçirlər. Çidaoba, güclü bir fiziki güc, çeviklik və strategiya tələb edən güləş növüdür.

Cüdoda hər görüş finala bərabər hesab olunur. Bir səhv ən titullu idmançının məğlubiyyətinə səbəb ola bilər.


Azərbaycanım dördqat Avropa, dünya və olimpiya çempionu Hidayət Heydərov dünya çempionatında ilk görüşdə titulsuz portuqaliyalı Otari Kvantidzeyə məğlub olaraq, fiaskoya uğradı. Heydərovun hazırlıqsız olduğu aşkar göründü. Bəlkə çempionluqları onda arxayınçılıq yaratdığından da belə aqibətlə üzləşdi. 

İddiaya görə, Hidayətin bundan əvvəl Avropa çempionatında heyətdən kənarlaşdırılmasının səbəbi artıq çəkiylə bağlı olub, xəstəliklə əlaqədar olmayıb. Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov isə idmançının səhhətindəki problem üzündən qitə yarışını buraxdığını bildirib.


Hidayət səhvlərdən nəticə çıxarmalı, uğurların davamını gətirməlidir.


Azərbaycanın cüdo yığması dünya çempionatında qarışıq komanda yarışında ilk görüşdə - 1/8 finalda Almaniyaya 1:4 məğlub olaraq, uğursuz çıxış etdi. 

Yeganə qələbəni +90 kiloqramda mübarizə aparan Zelim Kotsoyev əldə etdi.

Yığmanın heyətində Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev, Uşanqi Kokauri (hər ikisi +90 kiloqram), Gültac Məmmədəliyeva, Fidan Əlizadə (hər ikisi 57 kiloqram), Aytac Qardaşxanlı (70 kiloqram) və Nigar Süleymanova (+70 kiloqram) yer aldılar.


Milli komandamızın üzvləri, performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə Macarıstanda dünya çempionatında yarışdılar.


Azərbaycan Cüdo Federasiyasının büdcəsi Gürcüstan qurumunun maliyyəsindən dəfələrlərlə çox olsa da, millimiz son dünya çempionatında qarışıq komanda yarışında uğursuz çıxış etdi. Gürcülər dünya çempionu oldular, Azərbaycan yığması isə ilk qarşılaşmada uduzdu.


Gürcüstan fərdi yarışlarda, 2 qızıl, 2 gümüş, 1 bürünc medalla siyahıda üçüncü oldu. Azərbaycan isə 3 "bürünc"lə 14-cü yerlə kifayətləndi.


Azərbaycan Cüdo Federasiyasının illik büdcəsinin 15-20 milyon manat olduğu ehtimal olunur. 


Bu il dünya çempionatında zəif nəticə Azərbaycan Cüdo Federasiyasının, həmçinin millinin məşqçilərinin fəaliyyətində boşluqlar olduğunu göstərdi. Ötən il dünya çempionatında medal sıralamasında Gürcüstan (2 qızıl, 1 gümüş, 1 bürünc medal) 2-ci, Azərbaycan (2 qızıl medal - Hidayət Heydərov, Zelim Kotsoyev) 4-cü olub.

Paris Olimpiadasında Azərbaycan 2 qızıl, Gürcüstan isə 1 qızıl, 2 gümüş medal qazanıb.


Macarıstanda keçirilən dünya çempionatında əvvəlki yarışla müqayisədə aşağı nəticə göstərilsə də, Azərbaycan Cüdo Federasiyası rəhbərliyi ölkəmizin çıxışını qənaətbəxş hesab edib. 


Halbuki son dünya çempionatı göstərdi ki, Azərbaycan idmançıları geriləyib və bu fakt həyəcan siqnalıdır. Növbəti dünya çempionatı gələn il ölkəmizdə keçiriləcək. 


Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi, millinin məşqçiləri, son dünya çempionatında idmançıların zəif çıxışını ciddi təhlil etməli, səhvlərdən nəticə çıxarmalı, tələbkarlığı, nəzarəti artırmalıdır.


Azərbaycan Cüdo Federasiyasının rəhbərliyində prezident, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, qurum pprezidentinin müşaviri Natiq Bağırov, icraçı vitse-prezidenti Rəşad Rəsullu və olimpiya çempionu, vitse-prezident Elnur Məmmədli yer alıb. 


Supersport.Az

Digər xəbərlər