Gələcəyi parlaq olacağı gözlənilən döyüşçü - Foto
Azərbaycanda istedadlı idmançılar çoxdur. Elələri var ki, iki idman növü üzrə məşq edir və yarışlara qatılaraq uğurlar qazanır. Belələrindən biri Nizam Fərrux oğlu Quliyevdir. 13 yaşlı Nizam 8 ildir kikboksun sirlərini öyrənərək, Respublika çempionu, Bakı çempionatının üçqat qalibi olub. N.Quliyev Fövqəladə Hallar Nazirliyinin İdman Klubunun baş məşqçisi Elşən İsayevin əməyi sayəsində uğurlar qazanıb.
Çətin olsa da, Nizam həm kikboks, həm də boks yarışlarında mübarizə aparmağa qərar verib.
O, Abşeron boks klubunun təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş boks üzrə açıq birinciliyin qalibi olub.
Nizamın karyerasında işlər hələ ki, nizamında gedir.
Nizam Quliyev hər iki idman növündə Avropa, dünya, boks üzrə də olimpiya çempionu olmaq əzmində olduğunu bildirib.
"Bilirəm ki, hədəflərə çatmaq çox çətin olacaq. Ancaq istək, həvəs, inam olan yerdə çempionluqları qazanmaq mümkündür. Bütün varlığımla döyüşərək ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə, bayrağımızın zirvələrə qalxmasına, himnimizin səsləndirilməsinə çalışacağam".