Sambo çempionatı başladı - Ceyhun Məmmədov qızıl medallar tələb etdi - Şəkillər

Sambo çempionatı başladı - Ceyhun Məmmədov qızıl medallar tələb etdi - Şəkillər
Digər, Foto, Sambo
01 Fevral 2019 - 22:47
Supersport.Az-ın məlumatına görə, bu gün Bakı İdman Sarayında Azərbaycanın sambo çempionatı başlayıb.

Bu idman növünün 80 illik yubileyinə həsr olunmuş yarışın açılış mərasimndə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Sambo Federasiyasının prezidenti, 7 qat dünya, 6 qat Avropa çempionu Ceyhun Məmmədov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, olimpiya çempionlarından Namiq Abdullayev, Zemfira Meftahəddinova, sambo yığmasının baş məşqçisi Bəxtiyar Hacıyev və başqa tanınmış şəxslər iştirak edib. Dövlət himni səsləndikdən sonra çıxışlar olub.

İ.İsmayılov sambonun inkişafından danışıb, Avropa Oyunlarına hələ ki, 9 çəki dərəcəsində 6 idmançının vəsiqə qazanmasını müsbət nəticə hesab etdiyini bildirib. Nazir müavini güclülərin qalib gəlməsini arzulayıb.

MOK rəsmisi Xəzər İsayev çıxışnda yarışın yüksək səviyyədə təşkil olunduğunu deyib, idmançılara təmiz, ədalətli mübarizə diləyib. Vitse-prezident, yaxın gələcəkdə sambonun olimpiya idman növünə daxil ediləcəyinə inandığını, Avropa, dünya çempionatlarının ölkəmizdə keçirilməsinin vacibliyini qeyd edib.

Avropa Sambo Federasiyasının vitse-prezidenti, Azərbaycan Sambo Federasiyasının prezidenti, 7 qat dünya, 6 qat Avropa çempionu, XX əsrin sambo ulduzu Ceyhun Məmmədov idmançıların güclü mübarizə aparmasının vacibliyinə, beynəlxalq miqyasda yüksək nəticələr qazanılmasının mühüm olmasına diqqəti yönəldib:

"İdmançılar daim daha yaxşı hazırlaşmalı, güclü rəqabət aparmalıdırlar. Bakıda ilk Avropa Oyunlarında 3 gümüş medal qazanmışdıq. Növbəti qitə oyunlarına hələ ki, 6 vəsiqə əldə olunması müsbət məqamdır. Ancaq bu yarışda qızıl medallar qazanıb ölkəmizi sevindirmək lazımdır".

Milli qurum rəhbəri sonda yarışı açıq elan edib.

Digər xəbərlər