Murad Musayev AFFA-nın təklifinə mənfi cavab verib - Eksklüziv

Murad Musayev AFFA-nın təklifinə mənfi cavab verib - Eksklüziv
Futbol, Eksklüziv, Tribuna
1052
30 Aprel 2025 - 21:00

Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi uzun müddətdir Azərbaycanın futbol yığmasının baş məşqçisi Fernando Santosu istefaya göndərməkdə aciz qalıb. 


Bildirilir ki, namizədlər sırasında yerli, türkiyəli və rusiyalı məşqçi də yer alıb. 


Portuqaliyalı məşqçi Santuşun başçılığı altında Azərbaycan millisi 8 oyunun 7-də məğlubiyyətlə barışaraq 1 xal toplayıb, UEFA Millətlər Liqasında ən aşağı liqaya yuvarlanıb. AFFA "bir qəpiklik" yığmalara 15 milyon manatdan çox xərc çəkib. 


AFFA İcraiyyə Komitəsi üzvləri Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarında məğlubiyyətləri mənfi qarşılayıblar. 


AFFA rəhbərliyi 6 aydır ki, milli komandanın baş məşqçisi Fernandu Santuşu kənarlaşdırmağa çalışsa da, istəyinə çata bilmir. 


AFFA prezidenti Rövşən Nəcəf bir illik hesabat konfransında millinin uğursuzluğunu etiraf etdi, Fernandu Santuşa narazılıqlarını çatdırdıqlarını bildirdi. 70 yaşlı Santuş qurumun hesabat tədbirinə gəlmədi. AFFA-nın baş katibi Cahangir Fərəcullayev futbolumuzun sıfır vəziyyətdə olduğunu etiraf etdi. 


AFFA rəhbərliyinin uzun müddətdir Santuşu istefaya göndərmək cəhdləri boşa çıxır. Portuqaliyalı məşqçi özü ayrılmaq istəmir.  Santuşla uzunmüddətli (3+1 illik) müqavilə bağlayan Azərbaycanın futbol qurumu məşqçini istefaya göndərsə, milyonlarla təzminat ödəməlidir.  


Fernando Santosun kontraktının illik məbləğinin 3-4 milyon manat təşkil etdiyi bildirilsə də, AFFA veriləcək pulu gizlədir.

Ancaq başqa ölkələrdə bununla bağlı ictimaiyyətə məlumat verilir. 


"Beşiktaş"ın açıqlamasına əsasən Fernando Santosa vəzifədə olduğu (09.01.2024-14.04.2024) müddətdə 865 bin 487 avro, istefaya göndərildikdən sonra təzminat olaraq 500 min avro ödənilib. 


AFFA uğursuz baş məşqçi Santuşu üç məşqçidən biriylə əvəz etməyə çalışıb. Əvvəlcə Türkiyə yığmasının keçmiş məşqçisi Abdullah Avcıyla danışıqlar aparılsa da, tərəflər razılığa gələ bilməyib.


A.Avcı məşqçilik karyerasına "İstanbulspor"da başlayıb.  


Abdullah Avcl Türkiyə U-17 milli komandasının baş məşqçisi olduğu bir il müddətində, 2005-də yığma Avropa Çempionatının qalibi olub və həmin il dünya çempionatında dördüncü yeri tutub. 


Abdullah Avcının məşqçilik karyerasında ən parlaq dövrlərdən biri 2014-2019-cu illərdə "Başakşehir"də olub və klub tarixində ilk dəfə Avcının rəhbərliyi ilə Türkiyə Super Liqasının çempionluğunu qazanıb. 


2019-un iyununda "Beşiktaş"a baş məşqçi təyin olunan A.Avcı, komandası ölkə kubokunda mübarizəni erkən dayandırdığı üçün 2020-nin yanvarında istefaya göndərilib.


2020-ci ilin noyabr ayında "Trabzonspor"un baş məşqçisi təyin olunan Abdullah Avcı 2021/2022 mövsümündə Türkiyə Super Liqası çempionu, iki dəfə Superkubokun qalibi olub. Bu, "Trabzonspor"un 37 illik fasilədən sonra qazandığı ilk liqa çempionluğu idi. Abdullah Avcının "Trabzonspor"da illik qazancı 1 milyon 300 min avro olub. 


Abdullah Avcı 2011-2013-cü illərdə Türkiyə milli futbol komandasının baş məşqçisi vəzifəsində çalışıb. Lakin milli komanda böyük uğurlar qazana bilmədiyindən 2013-cü ildə bu postdan ayrılıb.


AFFA-nın təklifi zamanı "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov klubuyla yanaşı, millini çalışdıra biləcəyini bildirib. Lakin Rövşən Nəcəfin komandası buna razılaşmayıb. 


AFFA rəhbərliyi 41 yaşlı Murad Musayevi milli komandanın baş məşqçisi gətirməyə daha israrlı olub. Hətta bir müddət əvvəl Musayev dəvətə əsasən ölkəmizə gəlib. Ötən ilin dekabrında Bakıda Murad Musayevlə AFFA-nın vitse-prezidenti, "Sabah"ın rəhbərlərindən biri Balakişi Qasımovun danışıqlar apardığı bildirilir. Ancaq Musayev "Krasnodar"la uzunmüddətli müqaviləsi (2026-cı il, 30 iyun) olduğunu bildirərək, AFFA-ya mənfi cavab verib. "Sabah"ın prezidenti Maqsud Adıgözəlovla baş məşqçi Vasili Berezutskinin də Murad Musayevlə görüşdüyü bildirilir.


Musayevin məşqçi karyerasına nəzərə saldıqda  baş məşqçisi olduğu müddətdə "Krasnodar" Avropa Liqasında "Bayer"i mübarizədən kənarlaşdırıb, 1/8 finalda oynayıb, Çempionlar Liqasında "Çelsi", "Sevilya" "Renn"in yarışdığı qrupda 5 xal toplayıb.


M.Musayev "Krasnodar"a Rusiya çempionatında gümüş (2023/2024) və iki dəfə bürünc (2018/2019, 2019/2020) medallar qazandırıb. Hazırda "Krasnodar" premyer liqada liderdir.


"Qarabağ"a ölkə kubokunda 1:7 məğlubiyyətin ardından "Sabah"dan yola salınan PRO kateqoriyalı M.Musayev 2024-ün martında müqavilə bağladığı "Krasnodar"a mayda Rusiya çempionatında gümüş mükafat qazandırıb. Bundan əvvəl Musayevli "Sabah" 2022-2023-cü il mövsümündə Azərbaycan çempionatında gümüş medallara sahib çıxıb. Musayevin "Sabah"dan ayrılmağının əsas səbəblərindən biri komandanın prezidenti Maqsud Adıgözəlovun baş məşqçinin işlərinə müdaxilə etməsi, mütəxəssisin razılığı olmadan keyfiyyətsiz futbolçuların alınması və tərəflər arasında gərginlik olduğu göstərilir. 


Bir məqamı bildirək ki, M.Musayev özbək əsillidir, babası Buxaradan Krasnodara gəlib, anası rusdur. 


AFFA rəhbərliyinin iyunda Azərbaycan yığmasının səfərdə Latviya, evdə isə Macarıstan seçmə komandasıyla yoxlama oyunlarının nəticəsinə əsasən baş məşqçi Fernando Santosla bağlı son qərarı verəcəyi bildirilir. 






Digər xəbərlər