Eksklüziv: Gənclər və İdman Nazirliyinin, AFFA-nın, PFL-in bostanı - Video

Azərbaycanda idman qurumları arasında da qeyri-peşəkar fəaliyyət göstərənlər aydın görünür.
Gənclər və İdman Nazirliyi, AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyinin də bu sırada olması təəssüfləndiricidir.
Supersport.Az-ın təqdim etdiyi videogörüntüdə ikinci liqada çıxış edən "Şəmkir" Futbol Klubunun ev oyunlarını keçirdiyi Şəmkir Olimpiya İdman Kompleksinin meydançasıdır. Əslində belə faktlar ölkədə çoxdur, bura bostanı xatırladır və bu, biabırçılıqdır.
İdman infstrukturunda ciddi problemlər olması səbəbindəndir ki, premyer liqaya vəsiqə qazanan bölgə klubu da Bakıda oynamağa qərar verir.
Gənclər və İdman Nazirliyinin balansında olan Şəmkir Olimpiya İdman Kompleksi 2009-cu ildən fəaliyyət göstərir, ərazisi 9 hektardır, futbol stadionu 2000 tamaşaçı tutumludur. Kompleksin ünvanı Şəmkir şəhəri, İpək-Yolu № 1-dir.
Dövlət tərəfindən illərdir futbola milyardlarla manat ayrılsa da, müxtəlif idman qurumlarının rəsmiləri gah "yatmaq"la, gah pulları boş yerə dağıtmaq, gah da kimlərsə cibləri doldurmaqla diqqət çəkiblər. Bu məqamda faktı bildirək ki, Azərbaycanın Hesablama Palatası dəfələrlə Gənclər və İdman Nazirliyində maliyyə saxtakarlığı aşkarlayıb.
Gənclər və İdman Nazirliyi, AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi cavab verin, nə üçün indiyədək idman infrastrukturundakı problemlər həll olunmayıb, olanlar da daha bərbad vəziyyətə düşüb, yeni beynəlxalq standartlara uyğun meydançalar salınmayıb?
Gənclər və İdman Nazirliyi, AFFA, PFL-in işindəki ciddi nöqsanlar dövlətin idman fəaliyyətinə də ziddir.
Peşəkar Futbol Liqasının fəaliyyətində də qeyri-peşəkarlıq çoxdur.
Gənclər və idman naziri Fərid Qayıbov 4 il, PFL prezidenti Elxan Səmədov 3 il, AFFA prezidenti Rövşən Nəcəf 1 ildir vəzifədədir. Adıçəkilən şəxslərin fəaliyyətində ciddi nöqsanlar çoxdur. Problemlər azalmaq əvəzinə daha da artır. Ölkə futbolunun bərbad olmasının əsas səbəblərindən də biri infrastrukturun dəhşətli vəziyyətidir.
Nazirlik, AFFA, PFL rəhbərliyi mövcud durumdan, haqlı tənqidlərdən nəticə çıxarmalı, əməli işə keçməlidir. Vəzifəsini bacarmayanlar istefa verməlidirlər. Əks halda, futbolumuz daha betər günə düşəcək.