Millimizin işi vəkilə qaldı

Millimizin işi vəkilə qaldı
Futbol
02 Oktyabr 2017 - 19:52
DÇ-2018-in seçmə oyununda millimizin səfərdə Almaniya ilə qarşılaşmasını idarə edəcək latviyalı Andris Treimanis azarkeşlərmizə tanışdır.

Supersport.Az xəbər verir ki, o, indiyə kimi 4 dəfə təmsilçilərmizin matçına təyinat alıb. Bu oyunların heç birində məğlub olmayan komandalarımız üçün adıçəkilən referini uğurlu saymaq olar.

O, ilk dəfə “AZAL Arena”da “Olimpik-Şüvəlan”ın Avropa Liqasının ilkin təsnifat mərhələsində Belarus “Minsk”i ilə matçını (1:1) idarə edib. Həmin qarşılaşmada fit sahibi “təyyarəçilər”in 1, rəqibin isə 3 oyunçusuna sarı vərəqə göstərib.

Treimanis növbəti 3 qarşılaşmalarda müxtəlif yaş qrupu üzrə yığmalarmızın görüşündə fit çalsa da, heç vaxt əsas millimizin matçında iştirak etməyib.

2011-ci ildə AÇ-2012-nin seçmə mərhələsində 17 yaşlılardan ibarət yığmamızın Ukrayna ilə bərabərə qaldığı matçda (0:0) o da sarı vərəqələri bərabər paylayıb – 1:1. Bu qarşılaşmadan bir neçə gün sonra u-17-nin Xorvatiyanı üstələdiyi (2:1) oyunda o təmsilçimizin 2 futbolçusuna xəbərdarlıq edib.

Referi bir də bundan 3 il sonra – 2014-cü ildə yığmamızın oyununa təyinat alıb. 21 yaşlılardan ibarət millimizin AÇ-2015-in seçmə oyununda evdə İsraili 3:0 hesabı ilə darmadağın etdiyi matçda o komandamızın 2 oyunçusuna sarı vərəqə göstərib.

Latviyalı 32 yaşlı ədalət təmsilçisi 2011-ci ildən FİFA referisi statusunu daşıyır. O, bu müddətdə idarə etdiyi 45 beynəlxalq matçda futbolçulara 143 sarı, 5 qırmızı vərəqə göstərib. “Qarapaltarlı” həmçinin, 23 dəfə də qapılara penalti təyin edib.

Maraq üçün bildirək ki, rus, ingilis və alman dillərində də bilən referi təkcə meydanda ədaləti qorumur. O, ixtisasca vəkildir. Futboldan başqa boks, basketbolla maraqlanır.

Digər xəbərlər