Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə açıq çempionat keçirildi

Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə açıq çempionat keçirildi
Karate, Digər
25 Aprel 2017 - 22:07
Supersport.Az-ın məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksində Milli Qəhrəman, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şotokan Karate–Do üzrə V açıq çempionat keçirilib.

Xatirə turniri Azərbaycan Milli Karate Federasiyası, Dağ Yəhudiləri Dini İcması və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, çempionatda 19 komandadan 5 yaşından 17 yaşınadək 350-yə yaxın idmançı qalib adı uğurunda mübarizə aparıb. Yarışa Xaçmaz, Xızı, Abşeron rayonlarından, Bakı və Sumqayıt şəhərindən idmançılar qatılıb.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirib ki, Albert Aqarunov qısa, lakin mənalı ömür yaşayıb. Azərbaycanın Milli Qəhrəmanının həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ölkəmizdə tolerantlığa diqqət çəkərək, Azərbaycanda azsaylı xalqlara göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanda yaşayan hər bir azsaylı xalqın nümayəndəsinin bu torpağı öz Vətəni bildiyini və bu torpaqlar uğrunda canından keçməyə hazır olduğunu vurğulayıb. Albert Aqarunov da öz doğma torpağını düşməndən qoruyarkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov qeyd edib ki, bu gün artıq Azərbaycan idman ölkəsi kimi beynəlxalq aləmdə öz sözünü deyir. Birinci Avropa Oyunlarında yüksək nəticə əldə edən karateçilərimiz IV İslam Həmrəyliyi Oyunlarında da ölkəmizi layiqincə təmsil edəcək.

Milli Məclisin deputatları Adil Əliyev və Yevda Abramov qeyd ediblər ki, Azərbaycan xalqı Albert Aqarunovun qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaq. Milliyyətcə yəhudi olan Albert Aqarunov torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan qəhrəmanıdır.

Bədii hissədən sonra yarışlara start verilib.

Yarışın qalibləri Azərbaycan Milli Karate Federasiyasının fəxri fərman və medalları ilə təltif edilib.

Qeyd edək ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu zamanı Albert Aqarunov düşmənin 9 tankını, 7 ZTR və bir çox texnikasını sıradan çıxarıb. A.Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



Digər xəbərlər