İNNA OSİPENKO-RODOMSKAYA: 500 METR MƏSAFƏYƏ YÜRÜŞDƏ UĞURLU NƏTİCƏ ƏLDƏ ETMƏK ÜÇÜN DAHA ÇOX ÇALIŞACAM

İNNA OSİPENKO-RODOMSKAYA: 500 METR MƏSAFƏYƏ YÜRÜŞDƏ UĞURLU NƏTİCƏ ƏLDƏ ETMƏK ÜÇÜN DAHA ÇOX ÇALIŞACAM
Olimpiya, Rio-2016, Digər
17 Avqust 2016 - 00:47
Olimpiada çox məsuliyyətli yarışdır. Belə yarışlara bütün həyatımız boyu hazırlaşırıq. Olimpiya Oyunlarına vəsiqə qazanıb start xəttinə çıxmağın özü bir nailiyyətdir. Finişə çatıb medal qazandıqda isə insan inanılmaz hisslər keçirir.

Supersport.Az xəbər verir ki, bu fikirləri “Rio-2016”da 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündə bürünc medal qazanan Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı bildirib.

O deyib: “Olimpiadanın fəxri kürsüsündə biz hamımız qalibik. Ona görə qalibik ki, yarışlarda çox idmançı iştirak edir, amma hər kəs Olimpiadaya vəsiqə qazana bilmir. Olimpiadada iştirak etməyin özü bir zirvədir. Qazandığım medaldan razıyam. İki yüz metr məsafəyə yürüşdə bürünc medal çox yaxşı nəticədir. Bu yarış çox sürətli və qısa məsafədir. Burada bəxt amili də böyük rol oynayır. Bu gün yalnız avarçəkmə növlərində deyil, Olimpiadada ilk medalı qazandığım üçün çox sevincliyəm. Əməyim mükafatsız qalmadı. Qarşıda 500 metr məsafəyə yürüş də var. Mən 500 metr məsafəyə yürüşdə daha çox mübarizə aparacağam. Nəticənin necə olacağını isə zaman göstərəcək”.

Digər xəbərlər