Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.
Supersport.Az-ın məlumatına görə. mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smiti məğlub edib. Dörddəbir final mərhələsində isə güləşçimiz dünya və Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi, “London-2012″nin bürünc mükafatçısı türkiyəli Rza Kayaalpa uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti “Rio-2016″nın bürünc medalını qazanıb.
Sabah Şəriəti 1989-cu il yanvarın 1-də İranda anadan olub. Güləşçi Azərbaycanın paytaxtında keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının gümüş medalçısıdır. 2013 və 2014-cü ildə Bakıda keçirilən və Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri turnirinin qızıl medalına sahib olub. Sabah Şəriəti I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.