"RİO 2016" İŞTİRAK EDƏCƏK PARALİMPİYAÇILARIMIZIN ADLARI AÇIQLANIB

"RİO 2016" İŞTİRAK EDƏCƏK PARALİMPİYAÇILARIMIZIN ADLARI AÇIQLANIB
Digər, Paralimpiya
26 May 2016 - 23:56
Mayın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının yardımı ilə “Rio-de-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.

Supersport.Az xəbər verir ki, görüşdə Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov layihə haqqında məlumat verib, “Rio-2016” Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıların adlarını açıqlayıb.

Layihənin məqsədi 2016-cı ilin sentyabrında Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçıları, təmsil olunacaq idman növlərini, bu idman növlərinin qaydalarını, tibbi təsnifat haqqında əhaliyə məlumat verərək tamaşaçıların və tərəfdaşların sayını artırmaqdır.

“Rio-2016” Paralimpiya Oyunlarına cüdoçulardan İlham Zəkiyev (100 kq-dan yuxarı), Kənan Abdullahxanlı (100 kq), Rövşən Səfərov (81 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (66 kq), Ramin İbrahimov (60 kq), Səbinə Abdullayeva (57 kq) vəsiqə qazanıblar. Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq), Razm Azar (65 kq-dan yuxarı), üzgüçülər Dmitriy Saley, Roman Saley, atletlər Kamil Əliyev, Elçin Muradov, Rüfət Rəfiyev, İradə Əliyeva, Elena Çebanu, Elmir Cəbrayılov və güllə atıcısı Yelena Taranova Olimpiadada mübarizə aparacaqlar.

İyunun sonunadək reytinq cədvəlinə əsasən daha 6 idmançımızın lisenziya alması gözlənilir.

Digər xəbərlər