Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
Supersport.Az-ın məlumatıa görə, döyüşlərin yekununa əsasən daha 3 çəki dərəcəsində mükafatçılar məlum olub.
Kişilər arasında 80 kq-da italiyalı Simone Alessio ABŞ təmsilçisi Karl Alan Nikolası məğlub edərək, birinci yeri tutub. Misirli Seif Eyissa və kolumbiyalı Migel Treyos 3-cü olub.
87 kq-da cənubi koreyalı Çanqhyun Kanq ən güclü olduğunu göstərib. Xorvatiyalı İvan Sapina ikinci, Artyom Plonis (Dünya Taekvondosu) və iranlı Arian Salimi üçüncü yerə yiyələnib.
Qadın taekvondoçulardan 49 kq-da Türkiyə təmsilçisi Merve Dinçel dünya çempionu olub.
Merve Dinçel ikinci mərhələdə fərdi mübarizə aparan Elizaveta Ryadninskaya, üçüncü turda Səudiyyə Ərəbistanından Dunya Ali Abutalebi məğlub edərək 1/4 finala yüksəlib. Ardından qazaxıstanlı Botaköz Kapanovanı, yarımfinalda ispaniyalı Adriana Çerezo İqlesiası məğlub edən Merve finalda son olimpiya çempionu tailandlı Panipak Vonqpattanakitdən güclü olub. Bununla Türkiyə taekvondoçusu qızıl medal qazanıb. Xorvatiyalı Bruna Duvançiçi və ispaniyalı Adriana Serezo İqlesias üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.