Supersport.Az “Bazel”lə UEFA Konfrans Liqasının VI tur oyunundan dönən “Qarabağ”ın futbolçusu Qara Qarayevin fikirlərini videogörüntüyə alıb.
“Düşünmürəm ki, məyusluq olsun. Yəqin ki, bu, yol yorğunluğudur. Vətənə dönmək üçün uzun yol qət etməli olduq. Amma ümumilikdə hər şey düşündüyümüz kimidir, əladır” deyən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, baş məşqçi Qurban Qurbanov 0:3 hesabı ilə məğlubiyyətin ardından paltardəyişmə otağında komandanı təbrik edib:
“Məğlubiyyətimizə baxmayaraq, biz artıq nailiyyət əldə etmişik. Tarixdə ilk dəfə pley-off mərhələsinə yüksəlmişik”.
Qara Qarayev “Qarabağ”ın 2-ci dəqiqədə sayılmayan qolu haqda danışmaq istəməyib:
“İsveçrədə olduğumuz vaxt razılaşdıq ki, hakimlikdən söz açmayaq. Ən yaxşısı, bu barədə media nümayəndələri və azarkeşlər danışsınlar”.
Təcrübəli futbolçu hədəfin Konfrans Liqasında mümkün qədər irəli getmək olduğunu vurğulayıb:
“Rəqib qismində kimisə görüb-görməmək niyyətim yoxdur. Nə qədər irəli getsək, bu, bizim üçün uğur və tarixdir. Ona görə də münasib rəqiblərin düşməsi həmişə arzumuz olub. Futbol ictimaiyyətini təbrik edirəm. Bu, futbolumuz üçün yeni tarix və nailiyyət idi. Düşünürəm ki, “Qarabağ”ın bu qrupda etdikləri İsveçrədəki məğlubiyyətdən daha üstün idi. Ona görə də daha çox sevinməli, bu günü, bu anları daha yaxşı qeyd etməliyik. Həqiqətən də Azərbaycan futbolunda bir ilk yaşandı”.