Supersport.Az-ın məlumatına görə, Qarabağda qələbəmizin ardından Ağdamda Vətən müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə “Zəfər Kuboku” yarışı təşkil edən Bakı Gənclər və İdman Baş İdarəsi Bərdədə Şəhidlər Xiyabanını ziyarət edib. Qəhrəmanlara dualar oxunub.
İdarənin əməkdaşları Vətən Müharibəsində 22 yaşında Şəhid Zirvəsinə yüksələn Xudayar Yusifzadənin də məzarına baş çəkib.
X.Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan zaman “gizir” rütbəsi alıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə ötən il oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət göstərən Xudayar Yusifzadə ölkə prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Bu video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin görüntü daha geniş vüsət alıb və Xudayar Yusifzadə qısa müddət ərzində daha çox tanınıb.