Ağ Libaslı Çempion

Ağ Libaslı Çempion
Digər, Ulduz
15 Dekabr 2017 - 00:21


Azərbaycanın istedadlı idmançılarından biri. Onun idmana olan sevgisi uşaqlıq illərindən yaranıb. Van Damm, Brüs Linin və digər məşhurların filmlərinə baxdıqdan sonra idmanı daha çox sevməyə başlayıb. Bir sıra titullar qazanıb. Hətta idman karyerasını yarımçıq qoymaq da istəyib. Ancaq mübarizliyi və əzmkarlığı sayəsində baryerləri aşaraq arzularının bəzilərini həyata keçirib. Söhbət bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında karatenin kumite növü yarışında qızıl medal qazanan Fəridə Abıyevadan gedir.

OĞLANLARIN YARIŞINDA QALİB QIZ İDMANÇI

Xanım idmançı, 1995-ci il, martın 20-də Bakıda ziyalı ailəsində anadan olub. 2000-ci ildə millət vəkili, karate üzrə dünya və Avropa çempionu Ülvi Quliyev Bakıda karate məktəbi yaradır. Quliyevin dostu olan Fəridənin atası başqa qızlar kimi gəlinciklə deyil, tapança, avtomat oyuncaqla oynamağı sevən, futbol oynayan qızının bu məktəbə yazılmaq istəyini reallaşdırır. Döyüş məktəbində Fəridənin yaşında qızlardan ibarət qrup olmadığı üçün o, oğlanlarla birlikdə məşq etməli olur. 6 yaşlı qız Xırdalanda təşkil edilən oğlanların klublararası respublika çempionatında birinci yeri qazanır. Bu, onun karatedə ilk qələbəsi olsa da, əsl uğurları isə qarşıda idi. Təxminən 5 il ancaq oğlanlarla yarışan Fəridə, 10 yaşından öz həmcinsləriylə məşqlərə başlayır. Elə həmin ildə qızlar arasında təşkil edilən ölkə birinciliyini çempion kimi başa vurur. Onun beynəlxalq miqyasdakı uğurları da özünü çox gözlətmir. 14 yaşında yeniyetmələrdən ibarət Azərbaycan millisinə dəvət alan Abıyeva, əvvəlcə dünya kubokunda bürünc, daha sonra isə qızıl medal qazanır.
Fəridə karatenin həm kumite, həm də kata növü ilə məşğul olur. 12 yaşına qədər hər iki növdə mübarizə aparan Abıyeva, bundan sonra məşqçilərin qərarı ilə ancaq kumite üzrə yarışmağa başlayır. Fəridə karatenin bu növündə ölkə daxilində bir neçə dəfə medal qazanıb. Beynəlxalq yarışlarda isə dünya kubokunun bürünc mükafatına yiyələnib.

ƏZMKARLIQ NÜMUNƏSİ

Hər idmançının karyerasında eniş və yüksəliş dövrləri olur. Bəzi idmançılar çətin vaxtlarda və zədə zamanı idmanla vidalaşmalı olsa da, bəziləri əzmkarlıq nümayiş etdirərək mübarizəni davam etdirirlər. Yeniyetmə yaşlarında ölkədaxili və beynəlxalq yarışlarda bir neçə uğur əldə etmiş Abıyevanın da karyerasında eniş dövrü olub. Məhz bu dönəmdə onda idmana qarşı müəyyən küskünlük yaranır və karatedən getmək qərarına gəlir. O, 2013-cü ildə ali təhsil arzusunu reallaşdıraraq, bir müddət sevimli idman növündən ayrılmalı olur. Gənc qız xəyalını qurduğu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasa da, filologiya fakültəsinə qəbul olur. Lakin Fəridənin karatesiz günləri çox çəkmir. Bu sahədən ayrılarkən birdəfəlik getdiyini deyən gənc idmançı, cəmi bir il sonra sevimli idman növünə qayıdır.
Karatedən uzaq qaldığı dövrdə çəkisi artan, vərdişdən qalan Fəridənin əvvəlki formasını bərpa etmək üçün müəyyən vaxta ehtiyac olur. Buna baxmayaraq, gənc idmançı bu çətinliyin də öhdəsindən gəlir. O, karateyə qayıtdıqdan qısa müddət sonra, 2015-ci ildə Bakıda təşkil edilən ilk Avropa Oyunlarının iştirakçısı olur. Ancaq burda elə də uğurlu çıxış edə bilmir. O, Avropanın mötəbər idman yarışına fiziki cəhətdən hazır olsa da, psixoloji baxımdan çətinliklə üzləşir. Türkiyəli rəqibi Merve Çobana məğlub olan Abıyeva, qrup mərhələsini keçə bilmir. Avropa Oyunlarında zəif çıxış Fəridəni çox kədərləndirir. Lakin o, bu dəfə getmək yox, öz üzərində daha çox çalışmaq, qarşıdakı yarışlarda bu uğursuzluğu unutdurmaq üçün səylə çalışır.

İSLAMİADANIN QIZIL MEDALÇISI



Paytaxtımızda təşkil edilən İslam Həmrəyliyi Oyunlardan öncə ölkə idmansevərləri və yerli idman federasiyalarının rəhbərləri medal üçün daha çox əvvəlki mötəbər yarışlarda fəxri kürsüyə yüksəlmiş idmançılara ümid edirdilər. Karatedə də həmçinin. Karate federasiyasının rəhbərliyinin Fəridədən gözləntisi ən yaxşı halda bürünc medal idi. Abıyeva isə fərqli fikirdə idi. Avropa Oyunlarındakı məğlubiyyəti unutmayan gənc idmançı üçün İslam Həmrəyliyi Oyunları özünüsübut etmək baxımından əsl fürsət idi. O, bu imkandan məharətlə yararlanır. Çad, Fil Dişi Sahili və Özbəkistan idmançısını yolundan kənarlaşdıran Abıyeva, həlledici görüşdə iranlı Rozita Alipurkeşkalesaadı məğlub edərək qızıl medala sahib olur. Final Fəridə üçün xüsusilə əhəmiyyətli olur. Belə ki, onun iranlı rəqiblə həlledici qarşılaşmasını ölkə prezidenti İlham Əliyev də arenadan izləyir. Mükafatlandırılma mərasimində isə gənc karateçimizin boynundan qızıl medalı məhz dövlət rəhbəri asır.


HƏYATININ UNUDULMAZ GÜNÜ

Fəridə həmin anları belə xatırlayır:

"Avropa Oyunlarında çox az idmançımız medalsız qaldı ki, onlardan biri də mən olmuşdum. İslam Oyunlarında isə gümüş, bürünc medal barədə düşünmürdüm. Yalnız "qızıl”ı hədəfləmişdim. Məqsədim ancaq bayrağımızı dalğalandırıb, himnimizi səsləndirmək idi. – IV İslamiada mənim üçün böyük önəm kəsb edirdi. İlk Avropa Oyunlarında potensialımdan maksimum istifadə edə bilmədiyim üçün çox məyus olmuşdum. Ötən dövr ərzində bir sıra beynəlxalq turnirlərdə iştirak edib yarış təcrübəmi daha da zənginləşdirərək, Qəbələ, Göygöl və Bakıda təlim-məşq toplanışlarında iştirak etmişdim. Finala qədər üç döyüşdə mübarizə apardım. İlk döyüşlərim o qədər də çətin olmadı. Çad və Kot-d İvuarın karateçiləri üzərində inamlı qələbə qazandım. Yarımfinal döyüşümdə isə özbəkistanlı ilə görüşü böyük narahatlıq və həyəcanla gözləsəm də, içimdə qələbəyə inam var idi. Bu idmançını yaxşı tanıyırdım, ona iki dəfə məğlub olmuşdum. Əvvəldən ona bir xal verdiyim üçün görüşün bitməsinə  1 dəqiqə qalmış  geridə idim, amma özümü itirmədim. Ayaq zərbəsi ilə iki xal, ardınca əl ilə bir xal alıb döyüşü qələbə ilə bitirdim. Finalda türk idmançı ilə qarşılaşacağımı gözləsəm də İran təmsilçisi onu mübarizədən kənarlaşdıraraq rəqibim oldu. İranlı karateçi üzərində təmiz qələbə (3:0) nəticəsində qızıl medal qazandım.
IV İslamiadada əldə etdiyim qələbənin şərəfinə Azərbaycan himninin səsləndirilməsi həyatımın ən unudulmaz anlarına çevrildi. Azərbaycan prezidenti İlham Əliyev Oyunların qızıl medalını boynumdan asdığı zaman qürur hissi keçirdim. Azərbaycanı yüksək səviyyədə təmsil etdiyim üçün xoşbəxtəm. Bu qələbəmi xalqımıza həsr etdim".

"KRAL KLUBU"NUN AZARKEŞİ

Uşaq vaxtı məhəllədə futbol oynamağı sevən Fəridənin karatedən başqa maraq göstərdiyi idman növü də məhz idmanın şahıdır. O, hələ kiçik vaxtlarından Madrid "Real"ının azarkeşi olub. Sevimli futbolçusu isə "Kral klubu"nun "vuran ayağı" Kriştiano Ronaldodur.
Fəridə dəfələrlə Çempionlar Liqasının qalibi olan sevimli komandasından bu uğuru təkrarlamağı gözləyir. "Mən çempion olmuşam, "Real" da olmalıdır" deyir. Futbola marağı olsa da, heç vaxt bu idman növünü seçmək barədə ciddi düşünməyib.
Sevdiyi digər idman növü isə tennisdir. Hətta karyerasını bitirdikdən sonra həvəskar şəkildə bu idman növü ilə məşğul olmağı da düşünür.
Film izləməyi, musiqi dinləməyi sevən Fəridənin sevimli film janrı komediyadır. Asudə vaxtlarını isə daha çox dostları ilə  keçirməyi sevir.
Azərbaycanda qızların idmana yazılması onların ailələrində çox vaxt problemə çevrilir. Bəzi valideynlər "qız hara, idman hara" prinsipi ilə bəlkə də, gələcəyin çempion olacaq idmançısının karyerasının üzərindən düşünmədən xətt çəkirlər. Fəridənin ailəsində isə belə olmayıb. Onun valideynləri öz qızlarına nəinki bu idman növü ilə məşğul olmağa icazə veriblər, hətta onun bu sahədə uğur qazanması üçün daim dəstək olublar. Məhz bunun nəticəsində Azərbaycan Fəridənin timsalında daha bir çempion xanım idmançı qazanıb.

ƏSAS HƏDƏF - TOKİO OLİMPİADASI

İslam Oyunlarını qızıl medalla başa vuran Abıyevanın məqsədləri bu uğurlarla məhdudlaşmır. O, qarşıdakı dünya və Avropa çempionatlarında da yalnız çempionluğu hədəfləyib. Əsas məqsəd isə 2020-ci ildə karatenin vətəni Tokioda təşkil ediləcək Olimpiya Oyunlarıdır:

"Əsas hədəfim 2020-ci ildə Tokioda keciriləcək yay olimpiya oyunlarinda iştirak edib qızıl medal qazanmaqdır. Yeni ildən artıq hazırlıqlarımız başlayacaq, hər ay 2-3 lisenziya xarakterli beynəlxalq turnirlər olacaq və hamısına qatılmağı düşünürəm. Bundan başqa, Avropa və dünya cempionatlarında da iştirak etməyi planlaşdırıram. Bildiyiniz kimi bu il Baki Dövlət Universitetinin (BDU) məzunu oldum, və 2-ci təhsilim haqqında fikirləşirəm. Arzularımdan biri də BDU-nun huquq fakültəsində təhsil almaqdır".

ZABİT - MƏŞQÇİ

Fəridə hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Azərbaycan Dövlət Sərhəd Xidmətinin zabiti "Sərhədçi" idman olimpiya mərkəzində məşqçi vəzifəsində çalışır. 4-cü İslam oyunlarında qazandığı qələbədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən baş leytenant rütbəsi ilə təltif olunub:

"Mənə göstərdiyi etimada görə cənab general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm".

İndiki qloballaşma dövründə iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan, həm də dünyada idman ölkəsi kimi tanınır.
Fəridə deyir ki, beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür:

"İdmanın yüksək inkişafına və bu sahəyə göstərilən böyük diqqət və qayğıya görə prezident İlham Əliyevə  bütün idmançılar və idmansevərlər adından öz minnətdarlığımı bildirirəm. İdmanı sevən bir gənc kimi onu deyə bilərəm ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük uğurlara imza atdı. Sevindirici haldır ki, bu gün dövlətimiz tərəfindən biz idmançılar üçün hər cür şərait yaradılıb. Azərbaycanın bütün regionlarında müasir standartlara cavab verən idman kompleksləri, idman məktəbləri yaradılıb. Ölkəmizdə uşaq və gənclərlə iş bu gün möhkəm zəmin əsasında qurulur. Gənclərin asudə vaxtlarını maraqlı  və səmərəli keçirmələri, pis vərdişlərdən uzaq olmaları üçün bu olduqca vacibdir".

Anar Cəfərsoy

Digər xəbərlər