"Qarabağ"la gələcəyə ümidlə...

"Qarabağ"la gələcəyə ümidlə...
Futbol, Yazarlar
11 Dekabr 2016 - 01:14
"Qarabağ" Salonikini fəth etdikdən sonra təmsilçimizin nəhayət ki, Avroliqanın 1/16 final mərhələsinə yüksələcəyinə inanmışdıq. Növbəti 2 oyunda 1 qələbə qrupdan çıxmaq üçün kifayət idi. Hətta digər görüşlərin nəticəsindən asılı olaraq heç-heçə də qane edə bilərdi. Amma ən pessimist azarkeşin xəyal etmədiyi şeylər başımıza gəldi. Əslində Çexiyada artıq bu məsələyə nöqtə qoyulmalıydı. Ancaq Rəşad Sadıqovsuz Liberetsə yollanan ölkə çempionu heç özünə bənzəmədi. Buraxılan 3 sadə qolla meydanı məğlub tərk etdi. İşin tərsliyindən "Fiorentina" evində son dəqiqə qoluyla PAOK-a uduzdu. Bu oyun şübhəli məqamla yadda qaldı. İtalyanların 21-ci dəqiqədə vurduğu top qapıya daxil olaraq cərimə meydançasına qayıtsa da, "Fiorentina" buna heç bir reaksiya vermədi. Halbuki həmin qarşılaşma ən azı heç-heçəylə bitsəydi, Bakıda "Qarabağ"ı bir xal da qane edəcəkdi. Ancaq son iki turda sanki hər şey Qurban Qurbanovun komandasının qəsdinə durmuşdu.

Kapitan komandasını tək qoymadı

Rəşad Sadıqovun zədəli oynaması, daha doğrusu iynə gücünə meydana çıxması futbolçunun fədakarlığının göstəricisiydi. Onsuz da Maksim Medvedev və Miçel cəzalı olduğu üçün "Fiorentina"yla matçı buraxırdı. Belə olan halda müdafiə xəttində ciddi problemlər yarana bilərdi. Məhz bu məqamda kapitan rəşadəti sözünü dedi. Sadıqov özünü riskə ataraq, zədəsini arxa plana keçirərək Qurban Qurbanova "mən oynayacam" dedi və meydana çıxdı. Maksimin cinahında bu dəfə Arif Daşdəmirov yox, İlqar Qurbanov qərarlaşmışdı. Zaman göstərdi ki, baş məşqçi seçimində yanılmayıb. Düzdür, sabiq hücumçu oyunun əvvəllərində sağ cinahda etibarlı təsir bağışlamırdı. Tez-tez səhvlərə yol verir, topu alan kimi geri ötürürdü. Ancaq İlqar tədricən özünə gəldi. Qurbanovun təkcə ilk hissədə Dino Ndlovuya ünvanladığı uzun hava ötürməsi nəyə desən dəyərdi. Bu futbolçu ikinci hissədə daha çox meydanın rəqibə aid hissəsində var-gəl edir, hücuma sağ cinahdan dəstək verirdi. Qara Qarayev və Rahid Əmirquliyev dayaq yarımmüdafiəçisi kimi oynayırdısa, Riçard Almeyda pleymeyker funksiyasını yerinə yetirirdi. Sol cinahdan Muarem Muarem, sağ cinahdan Dani Kintana hücumun sivri ucundakı Ndlovuya dəstək verirdi.

Dinonun o topu qol olsaydı...

"Qarabağ"da oyunun ən yaxşısı Ansi Aqolli idi. 33 yaşlı futbolçu əzmkar oyunuyla seçilirdi. Müdafiədə etibarlı və soyuqqanlı idi. Hücuma da fəal dəstək verə bilirdi. İlk hissədə Kintana bir o qədər nəzərə çarpmırdı. Dani ikinci hissədə açılışdı. Əslində bəlkə də təmsilçimizi 1/16 finaldan məhrum edən Ndlovunun qaçırdığı epizod oldu. Əslində buna görə hücumçunu qınamaq insafsızlıq olardı. Dino yox yerdən real qol vəziyyəti yaratdı. İlqarın gözəl ötürməsindən sonra irəli şığıyan kamerunlu hücumçu rəqibin 2 futbolçusunun əhatəsindən qurtularaq qapıya zərbə endirdi. Təəssüf ki, həmin gün bəxt "Qarabağ"ın tərəfində deyildi. Top qapı dirəyindən döndü. Bu həm də Ağdam klubunun 1/16 finalın qapısından dönməsi demək idi. Halbuki həmin an hesab açılsaydı, "köhlən atlar" tam geridə qapanar, bütün qüvvəylə irəli atılan rəqibi isə əks-hücumlarda yaxalamaq üçün əla fürsətlər əldə edərdi. Amma nə edəsən ki, həmin an idman xoşbəxtliyi florensiyalıların tərəfində idi.

Qaranın səhvləri

PAOK-un evdə "Slovan"la oyunda hesabda önə çıxdığını eşidən Qurban Qurbanov fasilədə bir dəyişiklik etdi. Baş məşqçi Muarem Muaremi Əfran İsmayılovla əvəzlədi. Təəssüf ki, İsmayılov lazımi qədər komandaya fayda vermədi. Bəlkə də makedoniyalı yarımmüdafiəçi meydanda qalsaydı, faydalı iş əmsalı daha böyük ola bilərdi. Qonaqların hər iki qolunda Qara Qarayevin səhvə yol verdiyini söyləməliyik. Çünki dayaq yarımmüdafiəçisi ilk qol zamanı meydanın mərkəzini bağlamağı unutmuşdu. Səhvini anlayanda isə artıq gec oldu. Bu zaman bəxtsizlik də sözünü dedi. Rəşad Sadıqova çarpan top İbrahim Şehiçi çaşdıraraq qapıdan keçdi. Bundan sonra Qurbanov əlindəki son imkanlardan istifadə etdi. O, əvvəlcə Reynaldonu Rahid Əmirquliyevin, ardınca isə Mahir Mədətovu Dino Ndlovunun əvəzinə meydana buraxdı. Dəyişiklik sözünü dedi. Dani Kintananın mükəmməl ara ötürməsini Reynaldo boşa vermədi. Qapıçıyla üzbəüz qalan braziliyalı hücumçu toru silkələyərək hesaba tarazlıq gətirdi. Bununla da Reynaldo uzun fasilədən sonra qol vurdu. Ancaq sevincimiz cəmi 2 dəqiqə çəkdi. Qalmaqalçı xorvat hakim İvan Bebekin səhv korneri və ofsayddan vurulan qol. Bu epizodda da Qaranın topu uğursuz dəf etmək cəhdini tənqid etməyə məcburuq. Ümumiyyətlə, Qarayev son vaxtlar Avroliqa oyunlarında çoxsaylı səhvlərlə diqqəti çəkir.
Sonrakı dəqiqələrdə meydanda ümidsiz şəkildə var-gəl edən "Qarabağ" var idi. Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə Mahir Mədətov təsəlli qoluna imza ata bilərdi. Ancaq onun baş zərbəsini müdafiəçi qapıçıdan öncə dəf etdi. Beləliklə, səfərdə "Fiorentina"ya böyük hesabla uduzan "Qarabağ" Bakıda da xalsız qaldı. Bu isə ardıcıl 3-cü dəfə təmsilçimizi qrupda saxladı.

Pillə-pillə irəli

Ruhdan düşməyə dəyməz. Qurban Qurbanov tezliklə komandasını toparlamağı bacarmalıdır. İndi bütün diqqəti ölkə çempionatına yönəltmək lazımdır. Yenidən – ardıcıl 4-cü dəfə ölkə çempionu olmaq üçün. Bu dəfə rəqabət daha güclüdür. "Qəbələ" sonadək çempionluq uğrunda "Qarabağ"ın əsəbləriylə oynayacaq. Deməli, Avroliqada hədəfdən kənar düşmək əlləri havaya qaldırmaq üçün səbəb olmamalıdır. "Qarabağ" bu dəfə rekord sayda – 7 xal topladı. Deməli, komanda doğru yoldadır. Asta olsa da, irəli doğru addımlamağı bacarır. Pillə-pillə irəliləyiş ondan xəbər verir ki, Çempionlar Liqasının qrupu və ya Avroliqanın 1/16 final mərhələsi uzaqda deyil. Az qalıb, lap az. Sadəcə, aparıcı oyunçuları komandada saxlayıb, heyəti bir qədər də gücləndirmək lazımdır. Sistemli fəaliyyət tezliklə öz müsbət nəticəsini verəcək. Yetər ki, buraxılan səhvlərdən nəticə çıxarılsın. Təcrübə məhz səhvlərdən götürülən nəticəylə qazanılır.

Anar Cəfərsoy

Digər xəbərlər