Ramil Quliyev məqsədini, karyerasını bitirəcəyi vaxtı açıqladı

Ramil Quliyev məqsədini, karyerasını bitirəcəyi vaxtı açıqladı
Atletika, Digər
31 Mart 2019 - 12:53
Türkiyəni təmsil edən azərbaycanlı yüngül atletika üzrə dünya və Avropa çempionu Ramil Quliyev müsahibə verib.

Supersport.Az-ın "Anadolu Ajansı"na istinadən xəbər verir ki, məşhur idmançı, əsas hədəfinin olimpiya çempionluğu olduğunu qeyd edib:

"İnşallah, bu il yaxşı keçər. Təbii ki, bütün hazırlıqlarımı 2020-ci ildə keçiriləcək Tokio olimpiadası üçün edirəm. Ən böyük hədəfim olimpiya oyunlarında qızıl medal qazanmaqdır. Buna inanıram və bunu bacarmağı çox istəyirəm. Dünya və Avropa çempionluqlarından sonra olimpiya çempionu olaraq üçlüyü tamamlamaq istəyirəm".

Çempion, hesab edir ki, uğurları rəqiblərinə təzyiq edir:

"Bu, mənim deyil, rəqiblərimin üzərində təzyiq yaradır. Mənim üçün üstünlükdür. Rəqiblərimdən bir az öndə olduğumu düşünürəm. Dünya çempionatında daha rahat yarışacağam. Qızıl medala rəqiblərimdən bir az daha yaxınam. Yenidən çempion olmaq üçün çalışıram".

28 yaşlı idmançı, ciddi zədə yaşamasa, daha 8 il karyerasını davam etdirə biləcəyini bildirib:

"Tokio-2020 son olimpiadam olmayacaq. Karyeramı davam etdirəcəyəm. 2020-ci ildən sonra bir olimpiada da görəcəyimə inanıram. Ciddi bir zədəm olmasa, ən azı 8 il yarışlarda olacağımı düşünürəm".

Ramil Quliyev idmançı karyerasını bitirdikdən sonra məktəblilərin təhsil və idman həyatlarını bir yerdə davam edə biləcəyi mərkəz yaratmaq istədiyini bildirib:

"Azərbaycanın paytaxtı Bakıda Olimpiya İdman Liseyində oxumuşam. Bütün idman növləri var idi. Həm idman, həm də təhsil bir yerdə idi, hər şey iç-içə idi. İdmanla təhsilin bir yerdə olmağı çox vacibdir. Belə olduqda idmançılar istedadlarını göstərərək, uğura nail ola bilərlər. Türkiyədə belə bir idman mərkəzi açmağı düşünürəm. Qalıcı bir şey buraxmaq istəyirəm".

 

 

Digər xəbərlər