"Turan Tovuz"un parlaq binasından maraqlı Video

Supersport.Az martın 28-də Tovuz şəhər stadionunda "Turan" klubunun yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimindən maraqlı videogörüntü hazırlayıb.
Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, FİF-in icraçı direktoru Tural Piriyev, "Turan Tovuz" PFK-nın idarə heyətinin sədri Ehtiram Quliyev və idarə heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
E.Quliyev klubun yaşamasında böyük xidmətləri olan, şəxsi vəsaitini də xərcləyən Vidadi Əhmədovun əməyini qeyd edib.
Baş katib Cahangir Fərəcullayev AFFA rəhbərliyi adından "Turan"a təşəkkürünü bildirib.
Mərasimdə çox maraqlı dialoq olub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev müsbət addım ataraq, klubun yeniyetmə futbolçularıyla görüş zamanı belə deyib:
"Hamınızı təbrik edirəm. Əla şəraitiniz var. Bundan sonra nə etmək lazımdır? İnkişaf etmək, yüksək səviyyədə oynamaq, qalib gəlmək mühümdür, lazımdır". Bu məqamda "Turan"ın sədri Ehtiram Quliyev futbolçulara "Gənclər, söz verirsiniz?" sualını ünvanlayıb, "Bəli" cavabını alıb.
Qeyd edək ki, "Turan Tovuz" PFK-nın baş sponsoru "Huner Group"un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb.
Binanın ümumi ərazisi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb.
Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tenis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb.
Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.
Yeni binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan 2 korpuslu akademiya binası bütövlükdə "Turan Tovuz" Futbol Akademiyasının ixtiyarına veriləcək.








