Ağ günə çıxa bilməyən Qara günlü "Neftçi"
Futbol, Yazarlar
2189
05 Fevral 2024 - 23:45
- Ceyhun Rüstəmov
Bazar günü Sumqayıtda əsl futbol bayramı idi. Sumqayıtın yenidən qurulan stadionunun açılışında "Sumqayıt" "Neftçi"yə əsl futbol dərsi keçərək qalib gəldi. "Neftçi" bu oyunda autsayder kluba bənzədi. Komandanın kapitanı Emin Mahmudov kapitanlıq etdiyi komandanı arxasınca apara bilmirdi. "Neftçi"nin uğursuzluğunu bir neçə hissəyə bölmək qərarına gəldim:
1.Komandaya rəhbərlik futbol aləmindən, futbolun içində bişən, futbolda illərini qoyan və saç ağardan bir mütəxəssis olmalıdır. Daha basketbol və ya başqa idman növünün təmsilçisi yox. Digər idman növlərindən fərqli olaraq futbol ayaqla yanaşı, həm də başla oynanılır. Deməli, futbolda rəhbər şəxs də futbolda baş işlətməlidir.
2. Komandaya baş məşqçi seçimi yanlışdır. Heç bir uğuru olmayan bir şəxsi, özündən razı, özünü ulduz hesab edən bir şəxsi baş məşqçi qoymaq özün bilə-bilə yalın əl ilə tankın, topun üzərinə getməyə, əsl intihara bənzəyirdi. Məşqçi gələrkən hamı söylədi ki, bu seçim uğursuzdur. Rəhbərlik inad elədi. Milyonlar havaya sovruldu. Sonda rəhbərlikdə səhvini anladı. Mutu yola salındı.
3. Edilən transferlər bərbaddır. Bir vaxtlar Kampas kimi uğursuz transferlə ad çıxarmış Kamil Məmmədov, yenidən iş başına keçdi. Olanare kimi ağır çəkili boksçulara oxşayan, ayağı top tutmayan, meydanda tərpənə bilməyən hücumçu alındı. Bəh-bəhlə milyonlar töküldü. Sonradan məlum oldu ki, Olanare dövrü çoxdan bitib. Onunla da yollar ayrıldı. Hücuma transfer pəncərəsi bağlanarkən Lukas Melano alındı. Ayağı top tutmayan, qol duyumu zəif olan, sürəti, driblinqi olmayan, bir sözlə heç nəyə yaramayan Melano ehtiyat oyunçuya çevrildi və havayı maaş almağa başladı. Mərkəzdə Fərid Yusifli, Eddi, Qara, Ataa Caber ola-ola Kamilin Cənubi Amerika sevdası bitmədi. Dieqo Valdez transfer olundu. Halbuki Valdez kimilər doludur ölkəmizdə. Nəyə lazımdır belə legionerlər?
3 milyonluq Şinyaşiki alındı. Məlum oldu ki, heç bu oyunçu 100 min manata da dəyməz. Mövqeyi hücumçu olsa da, sol vinger kimi oynadılır. Amma heç bir mövqedə xeyri dəymir.
Sönmüş Ozobiç, Etibarsız Koffi, zədəyə meyilli, oyunu ümid verməyən Mirzov, köhnə illərdəki oyununu heç cür göstərə bilməyən Qara Qarayev.
Transfer olunandan bu mövsüm forma geyinə bilməyən və zədədən daim əziyyət çəkən Emil Balayevdən danışmağa dəyməz.
4.Qışda tələm-tələsik Bojoviç gətirildi "Neftçi"nin sükanı arxasına. Ancaq aydın oldu ki, futbolçuların fiziki durumu heç də yaxşı deyil. Təlim-məşq toplanışı göstərdi ki, "Neftçi"nin hüçumçu, sağ vinger, sol müdafiəçi və 10 nömrə problemi var. Baş məşqçiyə bu barədə mətbuat konfransındada sual verdim, problemləri söylədim. Əvəzində "Neftçi" sol vinger alıb sağ cinahda oynatmağı üstün tutdu. Aşkar göründü ki, o da heç sağ cinahda yaxşı oynaya bilmir. Kontenin də "Neftçi"yə layiq oyunçu olmasına şübhə edirəm. Sonra hücumçu Moreno alındı. O da bilindi ki, bu futbolçu zədədən yeni qayıdıb, neçə aylar futbol oynamayıb, formadan çox uzaqdır. Sonda baş məqçi transferin bitdiyini söylədi. Problemlərsə qaldı. "Qəbələ"ylə oyunda olduğu kimi "Sumqayıt"la matçda da "Neftçi"nin müdafiəsi bərbad oyun göstərdi. Müdafiənin sol cinahı yox kimi idi. Azər Əliyev zədədən təzə qayıtdığı üçün oyuna hazır deyildi. Yuri Matias isə sanki özünü ulduz hesab edirdi. Oyunda tez-tez səhvlərə yol verirdi. Tamaş isə ləng idi, epizodlarda gecikirdi. Sağ cinah vingeri mövqeyində Rəhman idi. O da temp, sürət baxımından çatdıra bilmirdi, pressinq zamanı daim top itirirdi. Gah Boqomolski, gah Moreno, gah da Konte sağ cinah vingeri oynadı. Amma effekti olmadı. Kluba təcili sağ vinger lazımdır. Komandaya hazır formada olan hüçumçu labüddür. Daha Moreno kimi hazırılıqsız və zədədən yeni qayıdan forvard yox.
5."Neftçi"də problemlər böyükdür, bu gedişlə nə ikinci olacağına, nə də kuboku qazanacağına inanmıram. "Ağ-qaralar" bu oyunla avrokuboklara vəsiqə qazansalar, sevinsinlər. "Neftçi" Azərbaycan futbolunun şanlı tarixidir. "Neftçi"nin böyüklüyü futbolçulara başa salınmalıdır. Onlar da "Neftçi"də oynadıqları üçün fəxr etməli və bu klubun uğurları üçün meydanda canlarından keçməlidirlər. Heç bir futbolçu, heç bir məşqçi "Neftçi"dən artıq deyil və ola da bilməz.