AFFA rəhbərliyi baş məşqçi Fernando Santuşu qova bilər

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın futbol yığmasının beynəlxalq yarışda biabırçı çıxışı AFFA rəhbərliyini qəzəbləndirib.
Qurum prezidenti Rövşən Nəcəfin Azərbaycan millisinin Macarıstan seçmə komandasına məğlub olmasına bərk əsəbləşdiyi bildirilir.
AFFA prezidenti Rövşən Nəcəf apreldə illik hesabat toplantısında millinin uğursuz çıxışını etiraf etmiş, narazılıqlarını baş məşqçi Fernandu Santuşa çatdırdıqlarını bildirmişdi.
AFFA İcraiyyə Komitəsi üzvləri isə Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarında nəticələrinin qənaətbəxş olmadığını qeyd etmişdilər.
AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını vurğulamışdı.
AFFA-nın ötən ilin iyununda üç il müqavilə bağladığı Santuşa son iki yoldaşlıq matçında sonuncu şans verdiyi bildirilirdi. Azərbaycan yığması səfərdə Latviya ilə 0:0 heç-heçəylə kifayətləndi, Macarıstana isə 1:2 məğlub oldu.
AFFA iyunun sonunda İcraiyyə Komitəsinin növbəti iclasını keçirəcək. Qurumun Santuşla yolları ayırmağa qərar verəcəyi ehtimal edilir. AFFA portuqaliyalı məşqçini istefaya göndərsə, milyonlarla kompensasiya ödəməli olacaq. Son iki qarşılaşmadan əvvəl Santuş yığmadan öz istəyilə ayrılmaq istəmirdi.
Bir məqamı qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov milliyə əcnəbi baş məşqçi gətirilməsini istəmirdi. AFFA-nın yığmaya bu təyinatı zamanı Qurban Qurbanov həmin iclasda iştirakdan imtina etmişdi.
Proseslərin gedişi göstərdi ki, AFFA rəhbərliyi milliyə xarici məşqçi gətirməklə böyük səhv etdi, Qurban Qurbanov haqlı çıxdı.
70 yaşlı Santuşun baş məşqçi olduğu bir il müddətində Azərbaycan yığması keçirdiyi 10 matçda qələbəyə həsrət qaldı, UEFA Millətlər Liqasında 6 oyunda 1 xal toplayıb qrup sonuncusu olan milli komanda ən aşağı liqaya yuvarlandı, yoldaşlıq matçlarının isə 4-nün 3-də məğlubiyyətlə barışdı.