"Qarabağ" 38 milyon manat qazana bilər - Eksklüziv

Azərbaycanın 12 qat çempionu "Qarabağ" Futbol Klubu Çempionlar Liqasında iddialıdır. Ağdam komandası Avropanın bir nömrəli klub yarışında liqa mərhələsinə vəsiqə qazanmağı hədəfləyib. "Qarabağ" 8 il əvvəl Çempionlar Liqasının qrupuna düşüb və yenidən bu uğuru təkrarlamağı planlaşdırıb.
Supersport.Az-ın hesablamasına görə, Ağdam klubu bu dəfə də istəyinə çatsa, 38 milyon manatdan çox qazanacaq.
Baş məşqçi Qurban Qurbanovun komandası artıq Konfrans Liqasının liqa mərhələsinə iştirakı təmin edib. "Qarabağ" bununla kifayətlənmək istəmir, hədəf Çempionlar Liqasınıın əsas mərhələsidir. Komanda mütləq güclənmək prosesini davam etdirməlidir. Cəhdlər edilir, bu baxımdan tam istəyə çatılmasa da, çalışmalar gedir.
"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacağı təqdirdə, 38 milyon 739 min manatdan çox gəlir əldə edəcək.
Azərbaycanın dəfələrlə çempionu ikinci təsnifat mərhələsində iştirakdan 175 min avro alacaq. Üçüncü təsnifat raundunda da oynamaq 175 min avro qazandırır. Azərbaycan klubu hələ ki, 350 min avro (678 min 952 manat) qazanıb.
"Qarabağ" bu mərhələdə sürpriz komanda "Şkendiya"yla qarşılaşacaq. Ağdam klubu rəqibini kənarlaşdırıb pley-offa keçərsə, həm 1 milyon avro (1 milyon 939 min 864 manat) qazanacaq, həm də Avropa Liqasının liqa mərhələsinə vəsiqəni təmin edəcək. Üçüncü raundda büdrəyən komanda 800 min avroya sahib çıxacaq, mübarizəni Avroliqada davam etdirəcək.
Çempionlar Liqasında pley-offda dayanan klub 4.29 milyon avro qazanacaq, Avropa Liqasının liqa mərhələsinə düşəcək.
"Qarabağ" da Çempionlar Liqasının liqa mərhələsinə vəsiqəylə 18.62 milyon avro (36 milyon 120 min 271 manat) gəlir əldə edəcək.
Liqa raundunda qələbə 2.1 milyon, heç-heçə 700 min, 9-16-cı yerlər 1 milyon, 1-8-ci pillələr 2 milyon, 1/8 finalda iştirak 11 milyon, 1/4-ə qatılmaq 12,5 milyon, yarımfinal 15 milyon avro qazandıracaq.
Finalçılar 18,5 milyon, çempion 6,5 milyon avro qazanacaq.
Çempionlar Liqasının qalibi 25 milyon avro gəlirə sahib çıxacaq.