"Sabah" - "Qarabağ" oyunu təxirə salına bilər
"Qarabağ" Çempionlar Liqasında yoluna davam etsə, Azərbaycan premyer liqasının ilk turundakı matçı təxirə salınacaq.
Supersport.Az saytının məlumatına görə, Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də "Masazır Arena"da baş tutmalı olan "Sabah" - "Qarabağ" oyunu təxirə salınacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) ilə ilk matçında 1:0 hesablı qələbə qazanıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.
Pley-off mərhələsinə adlayan komanda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.