Rövşən Nəcəfin komandasının 0-ları...

Rövşən Nəcəfin komandasının 0-ları...
Futbol, Eksklüziv, Tribuna
385
10 İyun 2025 - 09:05

Azərbaycanda bərbad günə salınan sahələrdən biri futboldur. Bir il müddətində də bunu gördük.


Ölkə futbolunun səviyyəsi milli komandaların, klubların beynəlxalq yarışlarda çıxışıyla ölçülür. Son bir ildə Azərbaycan futbolunun, Premyer Liqasının acınacaqlı vəziyyətdə olduğunun şahidi olduq. 


Azərbaycandan büdcəsi baxımından çox geridə olan Ermənistan futbolu ötən mövsüm beynəlxalq yarışlarda istər klub, istərsə də milli komandalar səviyyəsində ölkəmizlə müqayisədə daha çox xal topladı. Azərbaycanın futbol yığması 6 oyundan 1  xalla UEFA Millətlər Liqasında ən aşağı - D liqasına yuvarlandı, ermənilərsə pley-off-a vəsiqə qazanıb gürcülər qarşısında darmadağın oldular. 


UEFA reytinqində 55 ölkə sırasında Ermənistan 2024-2025-ci il mövsümündə klubların çıxışı baxımından 4.375 xalla 28-ci, Azərbaycan isə 2.875 xalla 35-cidir.


SOCAR, AFFA prezidenti Rövşən Nəcəf futbola başçılıq edən müddətdə boş vədlər verdi, yalanlar, inkişaf yolundan ağışdolusu danışdı, heç nə etmədi. AFFA rəhbərliyi xaricilərə sevgisini nümayiş etdirdi, millinin başına əcnəbilər gətirildi, milyonlar xərclənərək strategiya yazdırıldı. Uşaq futbolu, infrastruktur, yığma komandalar pis vəziyyətdə qaldı. AFFA rəhbərliyi bilməlidir ki, süni meydançalar futbolçuları ömürlük şikəst edə bilər, təbii meydançalar salınmalıdır.


Azərbaycanın futbol yığma komandaları beynəlxalq arenada sürünür. Rövşən Nəcəfin millidəki sevimli məşqçisi Fernando Santuş qələbəsizlik seriyasına davam edir.


AFFA-nın işbilməz rəsmiləri vaxtında yerli mütəxəssislərin sözlərinə baxmadılar, milliyə əcnəbiləri gətirdilər, indi də acısını çəkirlər. "Qarabağ"ın baş məşqçisi, İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovun da məsləhətlərinə qulaq asmadılar, əməl etmədilər, təcrübəli məşqçini də küsdürdülər.


AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun bir illik hesabat konfransında "Azərbaycan futbolunda sıfırdan başlamalıyıq" deməklə mütəxəssis Qurban Qurbanovun 7 il əvvəlki sözlərini təkrarladı. 


Rövşən Nəcəfin komandası 0-da qalıb, portuqaliyalı məşqçiylə yolları ayırmaq istəyir, amma əmma var ki, uzunmüddətli müqaviləli Santuş özü getmək istəmir, istefaya da göndərilsə, milyonlar vermək məcburiyyətində qalacaqlar. 


SOCAR, AFFA prezidenti Rövşən Nəcəf özünü "kral" hesab edir, özünə zəhmət vermək istəmir, futbol tədbirlərində də nadir hallarda görünür. Rövşən Nəcəf hətta İcraiyyə Komitəsinin ayda bir keçirilən toplantısını futbol qurumunda deyil, SOCAR-da keçirir. Mediadan da gizli təşkil edir. R.Nəcəf dövlətin ayırdığı milyonları boşuna xərcləyib, ortada nəticə yoxdur, "0" var.


AFFA intriqalar məkanına çevrilib, futbol unudulub. 


"Neftçi"ni betər günə qoyub AFFA-ya rəhbər gələn Rövşən Nəcəfin futbolu inkişaf etdirəcəyi inandırıcı görünmür. Bir illik dövrdə hər şey aydın göründü. R.Nəcəfin peşəkar kadrlarının olmadığının, daha çox köhnə işbilməzlərə üstünlük verdiyinin şahidi olduq.

Rövşən Nəcəf zalımlara da dəstək verir, məzlumlara zülm edir.


Rövşən Nəcəfin qurumun keçmiş rəsmisi Elxan Məmmədovun əksər kadrlarını qovmağa gücü çatmır, bəlkə də kimlərdənsə qorxur. R.Nəcəf bir müddət əvvəl E.Məmmədovun dostlarından biri, icraçı vitse-prezident Sərxan Hacıyevi sıxışdırıb, səlahiyyətlərinin çoxunu yeni baş katib Cahangir Fərəcullayevə verdi. 


AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan futbolunu batmağa qoymayan çempion "Qarabağ"ın mükafatlandırma mərasiminə gəlmədi, icraçı vitse-prezident Sərxan Hacıyevlə baş katib Cahangir Fərəcullayevi göndərdi. Ancaq R.Nəcəf kuboku alan "Sabah"a mükafat verilən tədbirə qaçaraq, gəldi. 


Kubok yarışında hakimlərdən narazı olan "Qarabağ"ın əlcəzairli futbolçusu Yassin Benzia mükafatlandırma mərasimində AFFA prezidenti Rövşən Nəcəfi pərt etdi, medalı boynundan asmağa imkan vermədi. 


Kubokun mükafatlandırma mərasimində Rövşən Nəcəf Sərxan Hacıyevin iştirakına qadağa qoydu, Cahangir Fərəcullayevə üstünlük verdi. Hacıyev xarici səfərlərdən də kənar saxlanılır, Fərəcullayev göndərilir.


AFFA-nın apreldə keçirilən bir iılik hesabat konfransında qurumun icraçı vitse-prezident Sərxan Hacıyevin danışılmış oyunlardan danışan zaman Rövşən Nəcəf ona irad bildirmişdi.


S.Hacıyev "Klublar, futbolçulardan xahiş edirik ki, danışılmış oyunların iştirakçısı olmasınlar" deyən zaman bu fikrə dərhal müdaxilə edən R.Nəcəf,  "AFFA, klublardan, futbolçulardan danışılmış oyunlardan çəkinməyi xahiş yox, tələb edir" demişdi.


Supersport.Az

Digər xəbərlər