Video: Özbəkistan prezidenti millisinə qəhrəman dedi, mükafatlandırdı

Supersport.Az-ın məlumatına görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin futbol yığmasını dünya çempionatının final mərhələsinə vəsiqə qazanması münasibətilə telefonla təbrik edib, onları mükafatlandırıb.
Prezident, milli komandanı qəhrəman adlandırıb, fəxr etdiyini bildirib. Yığmanın bütün üzvləri, baş məşqçi Timur Kapadze "Özbəkistanın iftixarı" adıyla təltif olunub.
Keçmiş baş məşqçi Sreçko Katanes "Dostluq" ordeninə layiq görülüb.
Prezident Şavkat Mirziyoyev futbol üzrə milli komandanı 2026-cı il dünya çempionatına yüksəlməsi münasibətilə təbrik edib.
"Siz öz peşəkarlığınız, biliyiniz, bacarığınız və ən əsası sarsılmaz iradəniz və qələbəyə inamınızla bu arzunu gerçəyə çevirdiniz.
Asiyanın ən güclü komandaları ilə seçmə oyunlarında əsl cəsarət və mətanət nümayiş etdirdiniz və ölkəmizin tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazandınız. Sizi sözün tam mənasında bu böyük qələbə münasibətilə səmimi qəlbdən, bütün qəlbimlə təbrik edirəm".
Prezident vurğulayıb ki, komandanın əldə etdiyi nəticə milli idman salnaməsinə qızıl hərflərlə yazılacaq: "Çünki ölkəmizin milyonlarla futbolsevərləri, bütün xalqımız bunu arzulayırdı".
Prezidentin fikrincə, komandanın uğuru Özbəkistan gənclərinin yüksək potensialının sübutu və ölkədə idmana verilən geniş dəstəyin nəticəsidir.
"Sizin belə mühüm turnirdə iştirakınız bizim üçün son illərdə idmana, o cümlədən ən populyar olan futbola göstərilən böyük diqqətin daha bir gözəl əməli nəticəsi kimi bizim üçün son dərəcə dəyərlidir".
Dövlət başçısı bu qələbənin minlərlə gənc üçün ilham mənbəyinə çevriləcəyinə, ölkənin beynəlxalq nüfuzunu gücləndirəcəyinə əminliyini ifadə edib.
“Gələn il ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında təkcə Özbəkistanın deyil, bütün Mərkəzi Asiya regionunun ilk və yeganə təmsilçisi olmağın böyük şərəfini dərindən dərk edərək, enerji və şanlı qələbə ruhu ilə yüklənərək, futbol meydançalarında daha böyük fədakarlıq göstərəcəyinizə inanıram".
Prezident, həmçinin milli üçün xoşbəxtlik və uğurlar arzulayan, daim dua edən məşqçilərə, futbolçuların valideynlərinə və yaxınlarına təşəkkürünü bildirib.
"Xalqımıza müqəddəs Qurban bayramında əsl hədiyyə olan bu unudulmaz tarixi qələbə münasibətilə hər kəsi təbrik edirəm. Zəfərli yolunuzu davam etdirin, əziz övladlarım!" - deyə, Özbəkistan prezidenti fikrini tamamlayıb.
Özbəkistan həm də Mərkəzi Asiyadan dünya çempionatına vəsiqə qazanan ilk komanda olub.
43 yaşlı baş məşqçi Timur Kapadze də Özbəkistanda gənclərdən ibarət yığmanı Olimpiadaya, millini isə dünya çempionatına aparan ilk məşqçi olmaqla tarix yazıb. O, milli komandada əvvəlki baş məşqçi Sreçko Katanes xəstəlik səbəbindən komandadan ayrıldıqdan sonra əvəz edib, bu ilin yanvarında baş məşqçi təyin edilib.