"Çelsi"nin baş məşqçisi: "Qarabağ"ı autsayder hesab etmirik"

"Çelsi"nin baş məşqçisi: "Qarabağ"ı autsayder hesab etmirik"
Futbol
10 Sentyabr 2017 - 20:33
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ilk turunda "Qarabağ"ı qəbul edəcək "Çelsi"nin baş məşqçisi Antonio Konte fikirlərini bölüşüb.

London təmsilçisi Premyer Liqada 4 turdan sonra 3 qələbəylə 3-cü yerdədir.

"Lester" üzərində qələbəni "Çelsi"nin italiyalı çalışdırıcısı yüksək qiymətləndirib:

"N‘Qolo Kante fantastik təsir bağışladı. Usta futbolçunun oyununa tamaşa etmək zövq verir. Çox qaçır, düzgün mövqe tutur, ötürmələrdə və hücumda oynamaq qabiliyyətini sürətlə artırır. Mənim üçün futbolçunun öz üzərində işləmə xüsusiyyəti çox vacibdir.

Bakayoko hələliki fiziki formasını yüksəldir. Bundan başqa, bizim oyun üslubumuza uyğunlaşma prosesini keçir. Topsuz əla oynayır. Lakin topla oynamaq üçün inkişaf etməlidir. Gənc olması onun üçün üstünlükdür.

Hazardın qayıtması bizim üçün şad xəbərdir. Sözsüz ki, hələlik ona vaxt lazımdır. Biz də tələsməməliyik. Onun komanda üçün necə vacib futbolçu olduğunu hamı bilir. Sevinirəm ki, ağır zədədən qayıda bilib.

"Bernli" ilə oyundakı məğlubiyyətdən sonra ardıcıl 3 qələbə qazandıq. Bu, bizim üçün çox yaxşı nəticədir. Komandamız əla heyətə malikdir. Penaltidən qol buraxana qədər rəqibə heç bir şans vermədik. Meydan sahibləri oyunda dönüş yaratmaq istəsələr də, bizim də qol epizodlarımızın olduğunu qeyd etməliyəm. Hücumçu qol vurması sevindiricidir. Alvaro Morata fərləndiyi üçün özümü xoşbəxt hiss edirəm.

Nəticədən razı qaldım. Lakin qarşıda işimiz çoxdur. Yeni futbolçular oyun üslubumuza uyğunlaşana qədər müəyyən problemlərimiz ola bilər".

A.Konte "Qarabağ" haqqında da açıqlama verib:

"Qarşıda Çempionlar Liqasında oyunumuz var. Hər kəs "Qarabağ"ı qrupun autsayderi sayır. Lakin biz belə düşünmürük. Çempionlar Liqasında zəif rəqib olmur. Onlar ötən il qrupda mübariz keyfiyyətlər nümayiş etdirən "Kopenhagen"i sıradan çıxarıblar. Bu da Azərbaycan təmsilçisinin gücündən xəbər verir. Heyətlərində də kifayət qədər güclü futbolçu var. Topla oynamağı xoşlayan komandadır. Sol cinahdan edilən hücumları rəqiblərə çətinlik yaradır. Yarımmüdafiə xətti də yüksək səviyyədədir. Xüsusilə də Miçel, Qarayev, Almeyda üçlüyünü qeyd edə bilərəm. Bir sözlə, bizi çətin oyun gözləyir. Çempionlar Liqasına qələbə ilə başlamağa çalışacağıq. İlk turda 3 xal çox vacibdir".

Digər xəbərlər