Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimat mərasimi oldu - Şəkil

Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimat mərasimi oldu - Şəkil
Futbol, Foto
10 Yanvar 2020 - 22:33
Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi keçirildi.



Supersport.Az-ın məlumatına görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə federasiyanın rəhbəri Qabil Mehdiyev, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov iştirak etdilər.

F.Mansurov idman mediasında ciddi problemlərin olduğunu bildirdi:

"Nazir Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə idman jurnalistikasının durumundan narazılığını bildirmişdi. İdman mediasında uğurlar olmalıdır. Bu səbəbdən belə qərara alındı ki, yeni təşkilat yaradılsın. Düşünürəm ki, bu federasiya idman mediasının inkişafına öz layiqli töhfəsini verəcək".

A.Abiyev isə ölkə idmançılarının zəfərlərinin işıqlandırılmasında idman jurnalistlərinin böyük rola malik olduqlarını qabardaraq, yeni təşkilata uğurlar arzuladı.

Federasiya rəhbəri Qabil Mehdiyev idman mediasında problemlərin həlli üçün bütün güclərini sərf edəcəklərini söylədi. Onun sözlərinə görə, qurumun yaradılmasında əsas məqsədlərdən biri idman jurnalistlərinin sosial durumunun düzəldilməsi, onların iş fəaliyyətinin genişləndirilməsidir.

Federasiya rəhbəri AİJF-nın rəsmi saytı və loqosunun da artıq hazır olduğunu diqqətə çatdırdı:

"Qurumun saytı sportsmedia.az domeni ilə fəaliyyət göstərəcək. AİJF-nın rəsmi saytında yer alan "Mediadan seçmələr" bölməsində idman jurnalistlərinin maraqlı məqalələri əks olunacaq. İlin sonunda isə həmin jurnalistlərdən ən yaxşısı mükafatlandırılacaq. Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatları təsis ediləcək. İlk mükafat il ərzində jurnalistlərlə yaxşı işləyən idman xadimlərinə və ya federasiya nümayəndələrinə, ikinci isə ən yaxşı idman jurnalistinə təqdim olunacaq".

Qeyd edək ki, AİJF-nin İdarə Heyəti 9 nəfərdən ibarətdir. AİJF-nin İdarə Heyətinin sədri "İdman" qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyevdir. İdarə heyətinin üzvləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, MOK-un İnformasiya və Nəşriyyat İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, azerisport.com saytının baş redaktoru Vüqar Zeynalov, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, "Report" İnformasiya Agentliyinin İdman departamentinin redaktoru Elşən Məmmədov və ATV telekanalının idman şöbəsinin redaktoru Sənan Şəfizadədir.

Digər xəbərlər