"Xan Lənkəran" AFFA-dan İlham Əliyevə şikayət etdi

"Xan Lənkəran" AFFA-dan İlham Əliyevə şikayət etdi
Futbol, Tribuna
30 İyul 2018 - 12:46
Supersport.Az-ın məlumatına görə, bu gün "Xan Lənkəran" Peşəkar Futbol Klubu tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə məktub ünvanlanıb.

Ölkə rəhbərinə müraciəti klubun İdarə Heyətinin sədri Rəsul Allahverdiyev (Şükürsoy) edib:

"Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Cənablarına

Hörmətli, Cənab Prezident!

“Xan Lənkəran” Peşəkar Futbol Klubu iyun ayının 1-də dövlət qeydiyyatından keçmişdir.
“Xan Lənkəran” PFK Azərbaycanda yeni model klub strukturunun təmsilçisidir. Nəzərinizə çatdırırıq ki, 2 aylıq rəsmi fəaliyyətimiz müddətində klub quruculuğu yönündə vacib addımlar atmış, Açıq Tipli Səhmdar Cəmiyyət kommersiya təşkilatı formasına keçidlə bağlı zəmin hazırlamışdıq. Sizin idmanın inkişafı istiqamətində göstərdiyiniz istiqamətləri əsas tutaraq, Respublikamızda maddi təməli möhkəm, özünü maliyyələşdirən futbol klublarının yaranması baxımından bizim təklif etdiyimiz model ciddi əhəmiyyət kəsb edir. Gördüyümüz bütün işlər ictimaiyyətə açıq formada həyata keçirilir və fəaliyyətimizin hər mərhələsində bu layihənin icraatını izləyənlərdən kütləvi şəkildə müsbət rəylər alırıq.
Lənkəranda uşaq-gənclər komandalarının təsis olunması, bundan başqa Region Liqasında təmsil olunacaq ikinci komandanın qurulması işi ilə bağlı klubumuz tərəfindən Cənub Futbol Federasiyası ilə sıx əməkdaşlıq edilir. Görmək istədiyimiz işlərlə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasnının prezidenti cənab Rövnəq Abdullayevə də məlumat xarakterli iki məktub ünvanlamışıq. Həmin məktublarda bütün planlarımızın klubumuzun Azərbaycan birinciliyinin 1-ci dvizionunda iştirakı perspektivləri ilə həyata keçirildiyi bildirilmişdir.
“Xan Lənkəran” PFK peşəkar statuslu futbol klubudur. Buna görə də, tərəfimizdən 15 iyun tarixində Peşəkar Futbol Liqasının prezidenti cənab Ramin Musayevə 004 saylı rəsmi müraciət ünvanlanmışdır və həmin müraciətdə Azərbaycan futbol çempionatının 1-ci dvizionunda iştirak üçün lazımı sənədləri təqdim etməyə hazır olduğumuzu bildirmiş, müvafiq tələblərlə bağlı cavab gözləmişik.
24 iyul tarixində İcraiyyə Komitəsinin qərarına əsasən 2018-2019-cu il mövsümü üçün 1-ci divizionda ancaq ötən mövsümdə eyni yarışda çıxış etmiş 4-6 klubun iştirakının açıqlanması bizim işlərimizə ciddi mənadə zərbə vurub. Razılaşdırılmış sponsor müqavilələri, bağlanmış hissə satışı müqavilələri risk altına girmiş, əməkdaşlıq müqavilələri ilə işə götürdüyümüz məşqçilər, idarə heyəti üzvləri və texniki işçilərin təminatı ortadan qalxmışdır. Klubumuza qarşı bu haqsızlıq ictimaiyyət tərəfindən hiddətlə qarşılanmış, 2500-ə qədər vətəndaşın imzasıyla AFFA prezidentinə müraciət ünvanlanmışdır.

Hörmətli, Zati-Aliləri!

İlkin hüquqi araşdırmalardan sonra, bizə məlumdur ki, bizim fəaliyyətimizə ciddi zərbə endirən qərarın protokollaşdırıldığı 24 iyul tarixli AFFA İcraiyyə Komitəsinin toplantısı məlum qərarla AFFA-nın nizamnaməsində göstərilən səlahiyyətlərini aşmışdır. Eyni zamanda bu qərar Peşəkar Futbol Klublarının təmsil olunduqları ölkənin müvafiq müsabiqələrinə müraciəti ilə bağlı hüquqlarının kobud pozulması faktıdır. AFFA rəsmiləri müxtəlif səviyyələrdə açıq şəkildə etiraf edirlər ki, İcraiyyə Komitəsi qərar verərkən “Xan Lənkəran”ın müraciətinə məhəl qoyulmayıb və müraciət nəzərə alınmayıb. Ümumi vəziyyət, təəssüf ki, bizləri UEFA-nın futbol klubları ilə bağlı nizamlayıcı qaydalarının, eyni zamanda bir futbol klubunun Maliyyə Fair Play – özünütəminetmə potensialının risk altına atılması, AFFA-nın müqaviləli əsaslarla işlədiyi İctimai Birliyin – Peşəkar Futbol Liqasının hüquqlarını pozması, ictimai nüfuzuna zərbə vurması kimi ciddi faktlarla üz-üzə qoyub. AFFA-nın rəsmi şəxləri də etiraf edirlər ki, İcraiyyə Komitəsinin toplantısı keçirilməzdən əvvəl “Xan Lənkəran” PFK-nin hüquqları tapdanmışdır. Lakin bu məsələyə xırda məsələ kimi baxdıqlarından AFFA prezidenti və Baş katib səlahiyyətlərindən istifadə edib məlum qərarla bağlı növbədənkənar toplantı çağıra bilməz – deyirlər. Səbəb kimi göstərilir ki, həmin toplantıda nüfuzlu şəxlər bir araya gəlməlidilər və buna onların vaxtları yoxdur.
Nəzərinizə çatdırırıq ki, “Xan Lənkəran” PFK futbol klubunun özünümaliyyəşdirmə prinsiplərinin təbliğçisi, zamanla da təcrübəçisidir. Digər bölgələrdə də müstəqil, öz maliyyə dayaqlarına və klubun aliliyi prinispinə söykənən sağlam futbol strukturlarının yaranması AFFA-nın da təbliğ etdiyi və nail olmaq istədiyi hədəflərdəndir. Bu təcrübə, iş adamları üçün də futbolla gəlirlərini necə artıra biləcəklərinə dair nümunəvi stimuldur. Bizim birinci divizion yarışlarından məhrum edilməyimiz, ölkəmizdə təməlli klubların formalaşdırılması prosesinin ən azı 1 il və ya daha çox ləngidilməsi mənasına gəlir.

Cənab Prezident! 

Biz AFFA-nın bütün bu qanun pozuntuları və hüquqsuz addımları haqqında beynəlxalq futbol qurumlarının peşəkar futbol klublarına verdiyi hüquqlar çərçivəsində də mübarizə aparmaq imkanlarındayıq. Lakin bunun nəticəsində Azərbaycanı təmsil edən bir federasiyanın müəyyən sanksiyalara məruz qalma perspektivlərindən narahatıq. Biz istəmirik ki, qərarlarda yol verilmiş qanun pozuntularına görə ölkəmizin ali futbol qurumu cəzalansın. Lakin, minlərlə insanı futbolla əlaqəli yeni və inkişafa yol açan işlərlə bağlı ümidləndirən bir layihənin məhvinə səbəb olan bir AFFA İcraiyyə Komitəsi qərarı var.

Cənab Prezident! 

Siz çıxışlarınızda hər zaman Azərbaycanda yeni özəl sektor təşəbbüslərinə dəstək verilməsinin zərurətini qeyd etmisiniz. Bildiyiniz kimi, Azərbaycanda futbol klublarının əksəriyyəti Dövlət Neft Şirkətinin resursları hesabına maliyyələşir. Bu vəsaitlər bir istiqamətli sərf edilsə də, geri dönüşü yoxdur. Əlbəttə, futbolun investisiyalaşdırılması baxımında dövlət səviyyəsində bu tədbirlərin həyata keçirilməsi çox təqdirəlayiq haldır. Lakin biz hesab edirik ki, tədricən proses özünümaliyyələşdirən futbol təssərüfatı obyektlərinin formalaşdırılmasına keçməlidir. “Xan Lənkəran” PFK layihəsi də sırf özünümaliyyələşdirmə, öz maliyyə qaynaqlarını formalaşdırmaq prinsipləri əsasında qurulmuş bir modeldir.
Artıq ictimai rəydən də bəllidir ki, bu modelin icrası başqa bölgələrimizdə də eyni formalı futbol klublarının yaradılmasını stimullaşdırır. Bununla da ölkə futbolunun maliyyə asılılığı getdikcə azala bilər və onlar qazanan, qazandıran, yeni iş yerləri, bölgə əhalisinin sosial rifah səviyyəsinin yüksəldilməsinə, bütün regionlarda idman və sağlamlığın bərqarar olunmasına xidmət edə bilər. “Xan Lənkəran” modeli klublar layihəsi nəticəsində Azərbaycan futbol klubları da özəl şirkət şəklində fond birjasına daxil ola və getdikcə də dünya birjasının seqmentlərinə çevrilə bilərlər.

Sizdən xahiş edirik ki, bu mövzu ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müvafiq istiqamət verəsiniz və “Xan Lənkəran” Peşəkar Futbol Klubunun Azərbaycan çempionatının 1-ci divizionuna buraxılması məsələsində bizə köməklik göstərəsiniz".

 

Digər xəbərlər