Foto - Paris Olimpiadası başladı: 204 ölkə, 10 min idmançı mübarizə aparacaq

Foto - Paris Olimpiadası başladı: 204 ölkə, 10 min idmançı mübarizə aparacaq
Olimpiya, Digər, Foto
373
27 İyul 2024 - 08:29

"Paris-2024" Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Supersport.Az xəbər verir ki, Sena çayı sahilində təşkil olunan tədbir minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkəti ilə başlayıb və 6 km məsafə qət edilib. Fələstinə böyük dəstək verilib.

Daha sonra Paris Olimpiadasına həsr olunmuş maraqlı videoçarx nümayiş etdirilib.

Ardından 33-cü Olimpiadanın iştirakçısı olan ölkələrin rəsmi paradı baş tutub. Azərbaycan komandası 16-cı sırada yer alıb. Ölkəmizin bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar. Olimpiya Oyunlarının vətəni hesab olunan Yunanıstan yığması parada birinci, Fransa isə ev sahibi ölkə kimi sonuncu çıxıb.

Fransa prezidenti Emmanuel Makron Oyunları açıq elan edib.

Sonda isə Olimpiya məşəli alovlandırılıb. Məşəli fransalı məşhur cüdoçu Teddi Riner və atlet Mari-Joze Perek yandırıblar. Hava şarı formasında olan məşəl daha sonra Paris səmasına buraxılıb.

Avqustun 11-dək davam edəcək Paris Olimpiadasında 204 ölkədən olan 10 min 500 idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq.

Azərbaycan millisi Fransa paytaxtında 48 atletlə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Digər xəbərlər