Döyüş, Mübarizə, Vətənə xidmət yalnız müharibə meydanında olmur

Döyüş, Mübarizə, Vətənə xidmət yalnız müharibə meydanında olmur
Futbol, Eksklüziv, Yazarlar
6280
13 Mart 2024 - 23:55

                                                                    Fotomüxbir: Vüsal Şirəliyev 


Bu gün sizə iki eyni taleyi yaşayan Futbol Klubu haqqında danışacağam:


Biri "Qarabağ" FK, digəri isə hazırda "Qarabağ"la eyni taleyi yaşayan, torpağında döyüş gedən, Ukraynanın Donetsk şəhərini təmsil edən "Şaxtyor Donetsk" FK. 


Xatirimdədir, bir tərəfdə qızğın döyüşlər gedirdi, bir tərəfdə isə "Qarabağ" FK Polşanın paytaxtı Varşava şəhərində "Legiya" FK-nın qonağı idi. Ürəyi cəbhə yoldaşlarının yanında olan "Qarabağ" FK bəlkə də o anda özünü meydanda yox, cəbhədə, döyüşlərdə hiss edirdi. Birinci hissədə hesab açılmasa da, ikinci hissəyə daha da fəal başlayan "Qarabağ" FK 50-ci dəqiqədə P.Andradenin qolu ilə hesabı açdı. Və bu qoldan sonra da rəqibi öz qapısına sıxan "Qarabağ" FK oyunun 62-ci dəqiqəsində A.Zubirin qolu ilə hesabı 2:0 etdi. Bu qoldan sonra da sanki hirsini topdan çıxan "Qarabağ" FK 72-ci dəqiqədə F.Ozobiçin qolu ilə hesabı 3:0-a çatdıraraq rəqibin bütün qalan ümidlərini əlindən aldı. Bu zaman cəbhədə yaralı halda can verən Xüsusi Təyinatlı Dəstənin baş atıcısı Mirzə Musa oğlu  Axundov "Biz qələbə qazanacağıq!" deyərək, gözlərini əbədi olaraq yumub şəhidlik zirvəsinə ucaldı. Futbolçularımız sonda bayraqlarımıza bürünərək, əsgər salamı verərək öz cəbhə qardaşlarına təşəkkürlərini bildirdilər. Həmin gün "Qarabağ" Futbol Klubu qalib gəldi, düz bir ay sonra isə şəhid qəhrəmanımız Mirzə Axundov Musa oğlunun dediyi kimi, Qarabağı məğrur ordumuz işğaldan azad edərək qələbə qazandı. 


Vətəni üçün daim mübarizə aparan "Qarabağ" Futbol Klubu bu il də bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarır. Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın tarixi şəhərlərindən olan Braqanın adını daşıyan "Braqa" FK-nı məğlub edərək tarix yazıb növbəti mərhələyə çıxan "Qarabağ" (14.73 milyon avroluq büdcə ilə), növbəti mərhələdə Almaniya Bundesliqasında adlı-sanlı rəqibi "Bayer Münxen"i 10 xal geridə qoyaraq ilk pillədə qərarlaşan (119 yaşlı və 566.55 milyon büdcəsi olan) "Bayer Leverkuzen"ə qarşı mərd və qürurla oyun sərgilədi. Oyunun ilk hissəsində bütün komponentlərdə rəqibi üstələyən "Qarabağ" FK 2:0 öndə olsa da, bu hesabı sona qədər saxlaya bilməyərək, sonda 2:2 hesabına razılaşsa da, bu qələbəyə bərabər idi. Dərin ağlı, iti zəkası və özünəməxsus ciddiliyi ilə Qurban Qurbanov sanki bu kluba Qarabağ adının ucalığını hər döyüşdən qabaq ən yüksək səviyyədə təbliğ etmişdi. Onlar isə meydanda necə ağıllı döyüşməyin önəmli olduğunu hiss edirdi. Bəli, bu ad o qədər dəyərlidir ki, bu adın yazıldığı hər yerdə döyüşmək və mübarizəni qazanmaq lazımdır. 


Bu il Avropa Liqasında "Olimpik Marsel"ə məğlub olaraq mübarizəni dayandıran "Şaxtyor Donetsk" FK eynən "Qarabağ" FK kimi qəlblərdə çox gözəl izlər buraxdı. Ukraynalılar yuvasından didərgin düşmüşlük qədərini yaşadığı üçün ev oyunlarını Almaniyanın Hamburq şəhərinin "Volkspark" stadionunda keçirirdi. Bu hissi bütün həssaslığı ilə "Qarabağ" FK yaxşı bilir. 


Bir sorğuda "Şaxtyor"un futbolçularına belə bir sual ünvanlanır: 


"Avropa Liqasında mərhələni keçsəniz, hansı kluba rəqib olmaq istərdiniz?" 


Onların bir çoxunun jurnalistə cavabı isə çox maraqlı olub, onların əksəriyyəti "Qarabağ" FK-nın adını çəkib. Sanki "Qarabağ" FK ilə eyni əzmə, mübarizliyə və oxşar talelərə sahib olan "Şaxtyor"un da yaralı insanları, məhz bütün bunları göz önünə gətirərək cavablandırmışdılar bu sualı.


Bu il Çempionlar Liqasının H qrupunda yer alan "Şaxtyor" "Barselona" kimi tarixi klubu 40-cı dəqiqədə Danil Sikanın qolu ilə məğlubiyyətə uğradaraq sensasiyaya imza atmışdır. 


İnsan elə bir varlıqdır ki, sevinc onun ruhunu da, cismini də aktivləşdirir, sanki havalara qaldırır. Kədər, dərd, məyusluq isə gözlərindəki işığı da, qəlbindəki həyat eşqini də söndürür. Sevincli halda uğur qazanmaq mümkündür, lakin yas içində olan biri haqqında bunu demək çətindir. Meydana qəlbindəki Vətən boyda bir yarası ilə çıxan bu insanların simasındakı qəm insanı kədərləndirsə də, fəqət onların mübarizliyi, məqsəd və niyyətlərində qətiliyi, istəyinə çatmaq əzmi insanı çox sevindirirdi. 


Taleyi "Qarabağ" FK-ya bənzəyən "Şaxtyor Donetsk" FK da "Qarabağ"ın bu igidlik yolundan məlumatlıdır və ümid edək ki, onlardan da güc alaraq ayaqda qalacaq və sonda haqq yolunda döyüşən Ukraynanın məğrur ordusu öz torpaqlarını işğalçı düşməndən azad edəcək. Və yenə də həmişə olduğu kimi öz doğma stadionunda keçirdiyi bütün oyunlarda qələbə qazanaraq Çempionlar Liqasının möhtəşəm kubokunu tarixi muzeyinə gətirəcək. 


Yaşasın Azərbaycan! Слава Україні!


Digər xəbərlər