AFFA prezidentliyinə 5 namizəd: Kimlər daha şanslıdır?
AFFA prezidenti Rövnəq Abdullayevin futbolumuzda 16 illik uğursuz dövrü başa çatdı. O, artıq qurum rəhbəri olmaq istəmədiyini bildirib.
16 ildə milyonlar havaya sovruldu, köklü klublar dağıdıldı, bəzən çempionatlar bazara çevrildi, əksər mütəxəssislər kənarda saxlanıldı, yığma komandalar bərbad çıxışla yadda qaldı, futbolumuzda sistem olmadığı aydın göründü.
AFFA-da idarəçiliyin sıfır olduğu ortaya çıxdı.
AFFA-nın yeni prezidenti olmağa bəzi şəxslərin adları çəkilir.
"Qarabağ"ın məşhur baş məşqçisi Qurban Qurbanov, nüfuzu, ölkəyə, futbolumuza verdiyi fayda baxımından Azərbaycanın ali qurumuna ən üstün namizəd hesab oluna bilər. Tanınmış mütəxəssisin rəhbərlik etdiyi komanda, ardıcıl 10 ildir Avropa yarışlarının qrup mərhələsində mübarizə aparıb, Çempionlar Liqası qrupuna düşüb, Avropa Liqasının 1/8 finalına vəsiqə qazanıb.
Qurban Qurbanov, bir müddət əvvəl AFFA prezidentliyilə bağlı verilən suala cavabında "Allah xeyirlisini nəsib etsin" deyib.
Azərbaycan prezidenti İlham Əliyev də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu yüksək qiymətləndirib, məşhur məşqçini "Şöhrət" ordeniylə mükafatlandırıb. Bir müddət əvvəl Prezident, zəng edərək Qurbanovu Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik də edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin, "Zirə"nin Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da əsas namizədlər sırasındadır. Məmmədovun rəhbərliyi dövründə minifutbol millimiz Avropa çempionu olub, dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb. Dövlət başçısı İlham Əliyev yığma komanda qitə yarışının qalibi olanda federasiya üzvlərini qəbul edərək, təbriklərini çatdırıb.
O.Məmmədov bir müddət əvvəl Türkiyə Futbol Federasiyasının rəhbərliyilə görüşüb. O da AFFA prezidenti olmağa daha şanslı hesab edilir.
SOCAR prezidenti, "Neftçi"nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin də namizədlər siyahısında olduğu bildirilir. R.Nəcəf kluba başçı gəldikdən sonra paytaxt komandası uğursuzluq zolağından çıxa bilməyib, əksinə, vəziyyəti daha da ağırlaşıb. Buna görə də "Ağ-qaralar"ın rəhbəri, AFFA prezidenti olarsa, futbolumuzun qara gündən ağ günə çıxacağı inandırıcı görünmür.
AFFA-nın indiki vitse-prezidenti Elşad Nəsirovun da namizədlər siyahısında olduğu ehtimal edilir. Nəsirov, 23 ildir bu vəzifədə çalışır və futbolumuzun hazırda necə vəziyyətdə olduğu hər kəsə bəllidir.
Azərbaycan futboluna böyük zərbələr vuran Elxan Məmmədovun bir müddət əvvəl AFFA prezidenti olmaq istədiyi xəbəri yayılmışdı. Əvvəllər uzun müddət milli qurumda fəaliyyət göstərən E.Məmmədov, hazırda FİFA-da direktordur. Onun maddi dəstək verdiyi bəzi media orqanlarında çox təbliğ olunduğu bildirilir. Elxan Məmmədov, AFFA prezidenti olacağı təqdirdə, ölkə futbolunu daha bərbad gününə qoyacaq. Çünki onun indiyədək pis əməllərinin nəticəsi ortadadır.
AFFA-nın yeni prezidentinin adı aprelin 2-də keçiriləcək seçkidə məlum olacaq.
Supersport.Az