VAR-la varlanan, biabır olan, beynəlxalq qanunları da tapdalayan AFFA

VAR-la varlanan, biabır olan, beynəlxalq qanunları da tapdalayan AFFA
Futbol, Eksklüziv, Tribuna
18 Sentyabr 2022 - 16:05
Azərbaycanda VAR QALMAQALI: Rəşad Sadıqov hakimİ səhv etməyə qoymadı -

VAR sisteminin Azərbaycan çempionatı oyunlarında istifadə olunacağı bütün futbolsevərləri ümidləndirmişdi. Kobud səhvlərin olmayacağına əminlik yaranmışdı. Meydanda ədalət qorunacaq, klubların haqqı yeyilməyəcəkdi. Hakimlər dəfələrlə Türkiyə səfərinə yollanmış və təlimlər keçmişdilər. Ümidlər böyük idi. Ancaq "Sən saydığını say, gör AFFA nə sayır".

Səbirsizliklə gözlədiyimiz çempionat başladı və hələ ki, 6 turun nəticəsinə əsasən deyə bilərik ki, sistemin VARsızlığı AFFA-nı biabır etdi. Milyonlarla xərclənən pullar yenə göyə sovruldu (və yaxud ciblərə). Stadionlarda olan şəraitlər epizodların düzgün qiymətləndirilməsinə imkan vermir. Heç bir ölkə VAR sistemindən belə istifadə, futbol qurumu özünü bu formada biabır etmir. Bəs, niyə axı AFFA tələsik, hazırlıqsız sistemi Azərbaycan futboluna sırıyır? Məlumdur ki, VAR adı altında özlərini işbilən kimi göstərmək və şəxsi mənafelərini güdməkdir. UEFA və FİFA-dan VAR-ın inkişafı üçün ayrılan pullarla kameraların sayını çoxaltmaq olmazdımı? Epizodların dəqiq görünmədiyi yerdə hansı VARlıqdan danışmaq olar? "CBC Sport" telekanalının kameraları epizodları dəqiq qiymətləndirməyə imkan vermir. Tender təşkil etmək və minimum 16 kameralı çəkiliş aparmaq mümkün olmazdımı? Əlbəttə ki, AFFA-nın razılığı olarsa.

Futbol ictimaiyyətinin VAR sistemindən narazılığı nəzərə alınmalı və buna bir çarə tapılmalıdır. Belə getsə, çempionatda daha ağır hadisələrlə üzləşməli olacağıq. VAR otağı hər bir stadionda yaradılmalı, VAR hakimləri ilə meydanda olan referilər arasında kommunikasiya gücləndirilməlidir. BOS-dan gələn təlimatlar özünü doğrultmadı. AFFA-nın futbolumuza vurduğu ziyanı VAR sistemi ilə ört-basdır etmək istəyənlər bunu bacarmadı.

Araşdırmamız zamanı VAR sistemi ilə əlaqədar AFFA-nın daha bir biabırçı işbirliyi üzə çıxıb. Həqiqətən də futbol qurumu VAR adı altında öz mənafelərini güdür. Bir müddət əvvəl, aparıcı, Avropa arenalarında Azərbaycanı layiqincə təmsil edən FİFA hakimimiz Əliyar Ağayev AFFA-dakı işindən kənarlaşdırılıb. FİFA və UEFA qaydalarına uyğun olaraq VAR sistemində çalışanlar federasiyada işləyə bilməzlər (sənəd ingilis versiyasında əlavə olunur).



Əliyar Ağayev futbola xidmətini üstün tutaraq AFFA-dakı işindən ayrılıb. Ancaq nədənsə FİFA, UEFA-nın qayda və tələbləri Elxan Məmmədovun kadrlarına aid deyil. Hakimlər Departamentinin rəhbəri vəzifəsini daşıyan Cavid Cəlilovun "Sumqayıt" – "Turan Tovuz", "Səbail” – "Zirə", "Sabah" – "Turan Tovuz" oyunlarında VAR hakimi, "Sabah" – "Sumqayıt", "Qəbələ" - "Sumqayıt" matçında AVAR olması da buna sübutdur. Məgər bu FİFA və UEFA-nın qaydalarına zidd getmək deyil? Pula hərislik Elxan Məmmədov və onun komandasının xəstəliyi olaraq qalır. Departament rəhbəri, maaşın, hakimlikdə aldığın qonarar səni qane etmir? Bizim heç kimin malında, var-dövlətində gözümüz yoxdur. Halal qazanırlarsa, halal xoşları olsun. Ancaq belə olmaz də! Yeni sədr Barış Şimşək buna heç bir reaksiya verməyərək Azərbaycana "Fatı" obrazını oynamağa gəldiyini isbatladı. Televiziya vasitəsilə təcrübəli Nahid Əliyevin haqsız olduğunu vurğulayan sədr, nədən FİFA və UEFA qaydalarını pozmasını etiraf etmir? Bu arada "CBC Sport"un aparıcısı Şəmsəddin bəyə problemləri qabartdığı üçün təşəkkür düşür. Futbolumuzu yalnız ədalətlə qaldıra biləcəyik.

Şəxsi maraqlarını güdənlər AFFA-dan kənar olmalıdırlar. Yalnız bu halda hakimlərin inkişafı mümkündür. Şimşəkin vurğuladığına görə, hakimlərin siyahısına müdaxilə edə bilmir. Bu da bir yalandır. Yola salınan Fritz Ştuxlikin saxladığı qanunlar onun üçün keçərli deyil. Barış Şimşək istəsə bütün siyahıları dəyişə bilər. Bunun heç bir problemi yoxdur. Əgər müstəqil sədrdisə. Ədaləti qorumaq istəyirsə. Rəhbərliyin sözü ilə oturub-durmursa. Bildirək ki, iyun ayında təsdiq olunmuş və hakimlərə göndərilmiş həmin siyahı bizim əlimizdədir. Vaxtı gəldiyində siyahıya əlavələrin olması barədə ona suallarımız olacaq. Yox əgər işləyə bilmirsənsə, futbol ictimaiyyətini yalanlarınla aldatmaq istəyirsənsə, indidən istefa verməyin daha uyğundur. Futbolumuzda savadlı, ədaləti qoruya bilən hakimlər, mütəxəssislər, veteranlar, məşqçılər var. Yalnız onlara imkan vermək lazımdır.

Daha bir məqam "Qarabağ" - "Sabah" oyununda baş verən VARsız qərarlardır. Oyunun 90+7-ci dəqiqəsində vurulan qolu VARlı hakimlər qeydə almadı. "CBC Sport" kanalının video çəkilişi zamanı dəfələrlə baxarkən də topa son toxunuşu da görmək mümkün deyil. Bu görüntünü yan xətt hakimləri yaxşı təhlil edə bilərdi. Nə səbəbdən VAR köməkçi hakiminin referi olması da maraq doğurur. Tural Qurbanov cavan, perspektivli hakimlərdəndir. Belə epizodlar onun verəcəyi qərar deyil. Yarışı keçirən cavabdeh təşkilat PFL də təyinatlara nəzarət etməlidir ki, peşəkarlıq, ədalət qorunsun. Əks halda, qurumun yeni rəhbərinin adına da xələl gələcək. Bir adamın 26 turdan 19-na təyinat almasının qarşısı alınmalıdır. Liderlərin oyununda nəinki meydanda, hətta VAR-da belə veteranlar olmalıdır. Heyf ki, təcrübəliləri bir-bir Hakimlər Komitəsi öz işlərinin xətrinə aradan çıxardı. Türkiyədə VAR seminarlarına 3 dəfə qatılan, 18 ilini hakimliyə həsr edən köməkçi veteran hakim Nahid Əliyev belə oyunlarda olmalıdır. Tural və yaxud Cavidin yeri deyil VAR otağı. AFFA və Hakimlər Komitəsi VARsızlığını nümayiş etdirməkdə davam edir.

Allah futbolçularımıza, məşqçilərimizə, azarkeşlərimizə kömək olsun.

Mübariz

Digər xəbərlər