Barış, barış gətirəcəkmi?

Barış, barış gətirəcəkmi?
Futbol, Eksklüziv
01 Avqust 2022 - 00:11

Azərbaycanın vaxtilə tanınmış futbol hakimləri olsa da, bu gün acınacaqlı vəziyyət hökm sürür. Çox təəssüf ki, Tofiq Bəhramov, Eldar Əzimzadə kimi məşhurların layiqli davamçılarının yetişdirilməsinə ölkəmizdə səriştəsiz idarəçilər mane olurlar. Sovet dönəmindən sonra hakimlik sahəsində keçid dövrü, bəzi ədalətsiz qərarlar səbəbindən çətin anlar yaşandı.


AFFA-nın fəaliyyətinin ilk illərində rəhbərlik tələbkarlığı ilə heç kimə güzəştə getmirdi və hakimlər də öz işlərinə məsuliyyətlə yanaşırdılar. 2003-2004-cü illərdən sonra hakimlik məktəbi yavaş-yavaş tənəzzülə uğradı. “Əl topu tapdı”, “top əli tapdı” mənasız sözlərlə komandaların haqlarını yedilər, meydanda qan tökdürdülər. Haqqı tapdalayıb öz ciblərini düşündülər. Xaqani Məmmədovun sədrliyi dövründə bir çox hakimimiz oyunlarda şübhəli qərarları ilə yadda qaldı, bəzi söhbətlər də dolaşdı. Qərəzli hakimlikdə şübhəli bilinənlər hakimlikdən, uzun müddətə futboldan kənarlaşdırıldılar. Həmin dövrdə yeni nəsil ortaya çıxdı və hakimlik məktəbimizə ümid işığı saçmağa başladı. Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabbarov və digər gənc hakimlər meydanda söz sahibi oldular. Səhvləri olsa da, qərəzli qərarları olmadı. Əliyar Ağayev UEFA-nın 1-ci qrupuna düşdü və elit qrupa namizəd olarkən, hansısa qara qüvvənin sayəsində Fritz Ştuxlik hakimlər komitəsinə sədr gətirildi və yeni “Avropasayağı” dövr başladı. Vaxtilə qərəzli əməllərinə görə futboldan kənarlaşdırılanlar onun komitə üzvləri oldular və yenə də ədalətsiz qərarları ilə yadda qaldılar. Təcrübəli hakimlər Rəhim Həsənov, Nahid Əliyev, Səbuhi Bayramov və digərləri haqsızlığa məruz qaldılar. FİFA referisi Rəhim Həsənov hakimlər komitəsinə etiraz edərək peşəsindən ayrıldı. Vətən müharibəsi qazisi, referi Taleh Məmmədovu da haqsız olaraq uzaqlaşdırdılar. Veteran futbolçular - Ruhulla Kərimov,  həmçinin aparıcı mütəxəssis Şahin Cəfərovu hakim-inspektor siyahısından sildilər. Təcrübəli Əliyar Ağayev çempionatın zəif oyunlarına göndərildi və heç bir komitə üzvü ona dayaq olmadı. Yazmaqla qurtarası deyil.


AFFA-ya türkiyəli Barış Şimşekin gəlişi hakimlik sahəsinə nə verəcək? Ümid edək ki, ədaləti qoruyacaq, bütün referilərə dəstək olacaq və hakimlik məktəbimizin adını bərpa edəcək. Ədalətsiz qərarlarla haqsızlığa məruz qalan peşəkarlar öz işlərinə qayıtmalı, komitəyə şəxsi maraqlarını yox, ədaləti qoruyan insanlar gətirilməlidir.


Barış bəy, komitəyə ədalət, barış gətirə biləcəkmi?


Mübariz

Digər xəbərlər