''Qarabağ''ın fəthi niyə alınmadı?

''Qarabağ''ın fəthi niyə alınmadı?
Futbol, Tribuna
07 Dekabr 2019 - 20:43
Əndəlusda erməni təxribatçıları qovuldu

Vaxtilə məşhur ərəb sərkərdəsi Tarık bin Ziyadın Əndəlusu fəth etdiyi kimi, Azərbaycan çempionunun da istəyinə nail olacağına ümid vardı.

O zaman ordu rəhbəri cəzarətini ortaya qoyaraq donanmasında bütün gəmilərini yandırmaq bahasına olsa belə qalib gəlməyin yolunu göstərərək istəyinə çatmışdı.

Qalib sərkərdə, əsgərlərinə ''Arxada düşmən kimi dəniz, qarşınızda dəniz kimi düşmən. Hara qaçacaqsınız? Vallahi sizin üçün ancaq sədaqət və səbr qalıb. Düşmənin silahı, təczihatı və ərzağı boldur. Sizin silah olaraq ancaq qılınclarınız, qida kimi də düşmənin əlindən sahib olabiləcəyiniz vardır'' ismarıcını vermişdi.

İspaniyanı fəth edən Tarık bin Ziyad İslam dininin Avropada yayılmasında böyük rol oynayıb. Məşhur sərkərdənin adı Cəbəli-Tarık boğazına verilib ki, mənası ''Tarıkın dağı'' deməkdir.

''Qarabağ''a gəlincə, tarixə düşmək, yeni səs-küy çıxarmaq fürsətini qaçırdı. Halbuki futbolumuzun markası buna borclu idi.

Çempionumuzun bu şansı əldən verməsi bizlərə də təsirsiz ötüşmədi. İspaniya səfərindən gec də olsa, təəssüratımı bölüşmək qərarına gəldim. 

Elxan Məmmədovun sorğu-sual olunması

Futbolumuzun bərbad gündə olması çoxlarını narahat edir. Azərbaycan çempionuyla İspaniyaya səfər zamanı Bakıda hətta hava limanının əməkdaşının bu sahədəki vəziyyətin acınacaqlı, milliinin 1 xal qazanmasının rüsvayçılıq olduğunu ürəkağrısıyla qeyd etdiyinin şahidi olduq. Aeroportun işçisi futbolla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovu sorğu-sual etdiyini, qurum rəsmisinin günahkar olmadığını bildirdiyini söylədi. Həmçinin, ''Qarabağ''a çox çətin olacağını vurğuladı.  

Əndəlusa gedərkən təyyarədə kapitan Rəşad Sadıqov, Qara Qarayev, baş məşqçi Qurban Qurbanov, vitse-prezident Tahir Gözəl jurnalistlərlə xüsusi görüşdü.

Uzun, yorucu - 7 saatlıq uçuşdan sonra Sevilyanın ''San Pablo'' aeroportuna eniş oldu. Axşam vaxtı havanın temperaturu müsbət 18-20 dərəcəni göstərirdi. Yoxlanışdan sonra jurnalistlər üçün ayrılmış avtobusla otelə yollandıq, az sonra yağış başladı.

Mehmanxana matçın keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionuna çox yaxın idi.

Səhəri gün komandamız arenada məşqə çıxdı. 

Baş məşqçi Qurban Qurbanov xal qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirdi.

Klub rəsmisi Tahir Gözəl komandasının qorxmamasının, sözünü deməsinin vacibliyini vurğuladı.

Zəbt olunmuş məscidlər



"Əl-Qasr" qalası, dolanbaclar, İspaniya meydanı, Kolumbun qəbri, Buxara bağları. 5 dəfə Avroliqanın qalibi olmuş klubun adını daşıyan, Dieqo Maradona, Rinat Dasayev, Serxio Ramos, Antonio Peurta, Xose Antoinio Reyes, Denilson kimi məşhurların, həmvətənimiz Vəli Qasımovun da futbol oynadığı Sevilya.

İspaniyanın cənubunu əhatə edən Əndəlus əyalətinin 8 şəhərindən birində üç gün qonaq olduq. Qədimliyini qoruyub şəhər. 

Vaxtilə müsəlmanların fəth etdiyi Əndəlusda indi tikililəri, məscidləri xristianlar dəyişib müxtəlf qurumların ofisinə çeviriblər. Sevilyada əksər işləmələr Azərbaycan – Təbriz naxışlarıdır.

Şəhərdə əhali 2 milyona yaxındır, avtobus, tramvay, metro var, velosipedlər çoxdur.

Futbolun sevildiyi Sevilyada tez-tez rast gəlinən meydançalar boş qalmır.

Mərkəzi küçələrdə qarşına portağal ağacları çıxır. 1982-ci ildə İspaniyada təşkil olunan Dünya Kubokunda əbəs yerə yarışın rəmzi ''Naranxito'' deyildi.

Şəhərdə Türkiyə restoranı tapmaq mümkün olmasa da, Bakının adına rast gələnlər oldu.

İspanlar öz dillərində danışmağa üstünlük verirlər, ingiliscə fikir bildirməyi qəti bəyənmirlər. Bununla belə onlar müsbət təsir bağışlayırlar, gülərüzdürlər, qonaqlara hörmətlə yanaşırlar. Hətta ispanlardan biri azərbaycanlı jurnalistin itirdiyi pulu sahibinə qaytardı. Sevilyada ticarət mərkəzləri qələbəlikdir, Bakıyla müqayisədə əksər geyimlər, həmçinin qida məhsulları keyfiyyətli, ucuz, yol xərci isə bahadır. Minimum maaş 1000 avro təşkil edir. Taksiyə 4 km məsafəyə görə azı 8 avro ödənilir.

Arenadan təxribatçılar kənarlaşdırıldı

Əndəlusda oyuna gəlincə, stadionu Azərbaycan, ''Qarabağ'' bayraqları bəzəmişdi. Qarşılaşmaya Azərbaycanın İspaniyadakı səfiri də təşrif buyurmuşdu.

Avropadan Sevilyaya gələn fanatlarımız ''Qarabağ'' hayqırırdılar.

Matçın gedişində tribunada bir qrup azarkeş erməni əski parçası açan zaman İspaniyadakı diasporamızın üzvləri sərt reaksiya verdilər. Məsələyə qarışan polislər təxribatçıları stadiondan qovdular.

Səviyyə fərqi

Futbolda məşhur klublardan xal almaq nadir hallarda olur.  

Avroliqanın beşqat qalibi, İspaniya çempionatının liderlərindən olan ''Sevilya''yla qarşılaşmada ''Qarabağ''ın uğur qazanacağı müşkül görünürdü. Azərbaycan – İspaniya futbolu arasında səviyyə fərqi özünü göstərdi. La Liqa hara, bizim liqa hara. "Qarabağ" "Sevilya"dan fiziki cəhət, ustalıq cəhətdən geri qaldı.

Rəqib komanda həm büdcə, həm heyət baxımından çox üstün idi.

Sevilya təmsilçisinin büdcəsi 283 milyon, bu mövsüm transfer xərci 140 milyon avro təşkil edir.

''Sevilya'' qrup lideri olaraq pley-off mərhələsinə vəsiqəni təmin etsə də, 19 mindən çox azarkeş qarşısında yenə qələbə qazandı: iki qolla.

''Ramon Sançes Pisxuan'' stadionu 45 min 500 yerlikdir, 2020/21 mövsümünün sonunda Avroliqanın finalını qəbul edəcək. Bu səbəbdən arenada təmir işləri aparılır, qurğunun görünüşü yenilənir.

Maddi vəsait baxımından ''Apoel''dən də geri olmasına baxmayaraq ''Qarabağ'' Kipr klubuyla oyunlarda pley-off raunduna vəsiqə məsələsini həll etməliydi. Lakin müdafiə xətti zəif oynadığından, hücumda çox sayda fürsətlər boşa verildiyindən təmsilçimizin istəyi alınmadı. ''Qol maşınları''ndan Dino Ndlovu, Pedro Enrike kimi səviyyəli futbolçular qalsaydı, çox güman ki, çempionumuzu pley-off mərhələsində görəcəkdik.

Beş il əvvəl İtaliya ''İnter''i ilə qarşılaşmada çex hakim Miroslav Zelinkanın axmaq qərarı olmasaydı, haqqı yeyilən ''Qarabağ'' pley-off-da oynayacaqdı.

Döyüş, ''Qarabağ''...

Altı ildir Avropa yarışlarında Azərbaycanın əsas silahı, ölkənin təbliğində, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz işlər görən öyündüyümüz ''Qarabağ''.

Avroliqanın son turunda Azərbaycanın yeddiqat çempionunu Lüksemburq təmsilçisiylə oyun gözləyir. Tarixi fürsət qaçırılsa da, ''Qarabağ'' həvəsdən düşməməlidir. Allahdır yalnız qalib, məğlubedilməz. Həyat, mübarizə davam edir. Çempionumuzun şansı əldən verməsi faciə hesab olunmamalıdır. Rəqabətsiz, 8 komandanın iştirak etdiyi yarışın qalibinin nəhəng klubla bacarması, rəqibdən xal qoparması çox çətindir.     

''Qarabağ'', ölkə, Qarabağ adına görə döyüşləri davam etdirməli, yeni tarixlər yazmalıdır.

Anar Cəfərsoy

 

Digər xəbərlər