Şəkillər - Daş Qayaya rast gəldi: "Yanq Boyz" çempion "Bazel"i 6 qolla darmadağın etdi!

Şəkillər - Daş Qayaya rast gəldi: "Yanq Boyz" çempion "Bazel"i 6 qolla darmadağın etdi!
Futbol, Foto, Arena
781
19 May 2025 - 14:25

İsveçrə Super Liqasının 37-ci turunda mövsümün ən həyəcanlı qarşılaşmalarından biri baş tutdu.


Əsas rəqiblər "Yanq Boyz" və builki çempion "Bazel" "Wankdorf Arena"da üz-üzə gəldilər. Oyunu 31.500 azarkeş izlədi.

 

Gərgin keçən oyunda hesab erkən açıldı. Matçın 7-ci dəqiqəsində "Bazel"in albaniyalı hücumçusu Albian Ajeti dəqiq zərbə ilə komandasını önə çıxardı. Lakin bu sevinc cəmi 3 dəqiqə davam etdi. 10-cu dəqiqədə Sedrik İtten fərqlənərək tablodakı rəqəmləri bərabərləşdirdi.


Oyunun tempini ələ alan meydan sahibləri 18-ci dəqiqədə Dariyan Maleşin qolu ilə hesabı 2:1 etdilər. İlk hissə bu hesabla başa çatdı.

 

İkinci yarıya da fəal başlayan "Yanq Boyz" 46-cı dəqiqədə yenidən Sedrik İttenin dubl etməsi ilə fərqi iki topa çatdırdı – 3:1.

 

"Bazel" matçdan tam qopmasa da, cavab qolu yalnız oyunun 72-ci dəqiqəsində gəldi. Kevin Carlos komandasına ümid verən qolu vurdu – 3:2. Lakin oyunun son dəqiqələri çempion üçün kabusa döndü. Onlar ancaq oyunun tez bitməsini arzulayıdılar.

 

Əvvəlcə 86-cı dəqiqədə Kristian Fasnaxt fərqləndi. Cəmi 3 dəqiqə sonra – 89-cu dəqiqədə Kris Bedia komandasının 5-ci qoluna imza atdı. 90+3-cü dəqiqədə isə yenidən Fasnaxt fərqlənərək "Yanq Boyz"un böyük hesablı qələbəsində pay sahibi oldu – 6:2.

 

Bu nəticə ilə "Bazel" bu mövsüm ilk dəfə belə böyükhesablı məğlubiyyətlə barışmalı oldu. "Yanq Boyz" çempionu utandırmağı bacardı.


Vüsal Şirəliyev, İsveçrə

Digər xəbərlər