Foto-Video: "Minifutbol millimizin dünya çempionu olması üçün pul mükafatı vəd olunub" - Orxan Məmmədov

Foto-Video: "Minifutbol millimizin dünya çempionu olması üçün pul mükafatı vəd olunub" - Orxan Məmmədov
Futbol, Video, Foto
315
15 May 2025 - 19:39

Supersport.Az Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovun Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı "Fan Zona"nın açılışında fikirlərini videogörüntüyə alıb. 


"Dünya çempionatına hazırlıqlar artıq son mərhələdədir. Əlamətdar haldır ki, bu gün şəhərimizin sakinləri və qonaqları üçün Dənizkənarı Parkda "Fan Zona" açıldı. İnsanlar asudə vaxtlarını burada keçirə bilərlər.

"Fan Zona"nı şəhid övladları və ailələrinin ziyarət etməsi çox xoşdur. İnanıram ki, uşaqlar, gənclər burada istədikləri kimi əylənəcəklər, vaxtlarını xoş keçirəcəklər. Mən də imkan tapdıqca bura baş çəkəcəm. Dünya çempionatının bütün oyunları "Fan Zona"da da, böyük monitorda nümayiş etdiriləcək".

Bu, dünya çempionatına marağı daha da artıracaq".


Qurum rəhbəri bildirib ki, dünya çempionatının oyunlarını qəbul edəcək Milli Gimnastika Arenasında işlər tamamlanmaq üzrədir:


"Artıq son işlər gedir. Arena qarşıdakı günlərdə tam hazır olacaq. Bildiyiniz kimi, mayın 19-da arenada veteranlar arasında çox maraqlı yoldaşlıq matçı keçiriləcək. Azarkeşlər, futbol ictimaiyyəti həmin matçı maraqla gözləyirlər".


Federasiya prezidenti minifutbol millimizin mundiala hazırlığından da danışıb:


"Komanda məşqlərini davam etdirir. Bildiyiniz kimi, buna qədər yığmamız Monteneqroda beynəlxalq turnirdə qalib, Slovakiyada isə finalçı oldu. Futbolçular da hazırlıqları tamamlamaq üzrədirlər. Çempionat öncəsi BƏƏ millisi ilə yoxlama görüşü nəzərdə tutulub. İnanıram ki, komandamız mayın 21-də Bəhreynə qarşı görüşə qədər tam hazır olacaq".


O.Məmmədov komandanın hədəflərini açıqlayıb.


"Dünya çempionatının Bakıda keçiriləcəyini nəzər alsaq, azarkeşlər də, rəhbərlik də millimizin qalib olmasını istəyir. Məqsəd çempionluqdur. Amma bu, dünya çempionatıdır, rəqabət güclüdür. Yarışa iddialı komandalar qatılır. Ona görə də hesab edirəm ki, üçlüyə düşmək uğur sayılacaq".


Milli üçün pul mükafatının ayrılması barədə sualı isə o, belə cavablandırıb:


"Bəli, komanda üçün pul mükafatı nəzərdə tutulub”.


Digər xəbərlər