Video: "Allahın izniylə Qurban Qurbanovla 10 illərlə müqavilə imzalamaq istəyirik" - Tahir Gözəl

Supersport.Az "Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəldən baş məşqçi Qurban Qurbanovla yeni müqaviləylə bağlı açıqlama alıb.
Ağdam komandasının rəhbəri T.Gözəl Q.Qurbanovla uzun müddətli, hətta 10 illərlə müqavilə bağlamaq istədiklərini bildirib.
"Qurban Qurbanov "Qarabağ"ın ayrılmaz parçasıdır, uğurlarımızda böyük rolu olub. Allahın izniylə Qurban Qurbanovla 10 illərlə müqavilə imzalamaq istəyirik" - deyə, "Qarabağ"ın prezidenti Tahir Gözəl qeyd edib.
Xatırladaq ki, dünyada məşhur mütəxəssis Qurban Qurbanov 2008-ci ilin 5 avqustundan "Qarabağ"ın baş məşqçisidir. Q.Qurbanovun bu ilin 30 iyununda Ağdam klubuyla müqaviləsinin müddəti başa çatacaq.
"Qarabağ"a ilk ölkə çempionluğunu 1993-də mütəxəssis Ağasəlim Mircavadov qazandırıb.
Qurban Qurbanovun rəhbərliyi dövründə "Qarabağ" 11 qat ölkə çempionu, 6 dəfə kubokun sahibi olub. Q.Qurbanovlu komanda 11 il dalbadal avrokubokların qrup mərhələsində mübarizə aparıb.
12 qat çempion "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir komandada ən uzun müddət çalışan dünya məşqçilərinin siyahısındadır.
2008-ci ilin avqustunda “Qarabağ”ın baş məşqçisi təyin edilən Qurban Qurbanov siyahıda ikincidir. 53 yaşlı mütəxəssis, 16 ildən çoxdur ki, Ağdam klubunun baş məşqçisidir.
İlk pillədə Almaniyanın “Haydenhaym” komandasının 51 yaşlı baş məşqçisi Frank Şmitd yer alıb. O, 2007-ci ildən bugünə qədər indiki vəzifədədir. Q.Qurbanovu yalnız bu alman mütəxəssis qabaqlayır.
Siyahıda 3-cü İngiltərənin “Harroqeyt Taun” klubunun baş məşqşisi Saymon Uiverdir (2009-cu il). 4-cü yeri Andorra millisinin baş məşqçisi Koldo (2010-cu il), 5-ci yeri Lüksemburq millisinin baş məşqçisi Lyuk Holts (2010-cu il), 6-cı yeri isə "Atletiko Madrid"0in baş məşqçisi Dieqo Simeone (2011-ci il) tutur.


