AFFA-da çevriliş cəhdi: Elxan Məmmədov - Rövşən Nəcəf "müharibə"si - Eksklüziv

Azərbaycan futbolu şokdadır.
AFFA-nın keçmiş və indiki rəhbərliyinin bərbad fəaliyyəti bu sahəni iflic edib. Ölkə futbolunda baş verən xoşagəlməz olaylar bu sahəni daha betər vəziyyətə salıb.
Supersport.Az-a daxil olan şok iddiaya görə, AFFA-da çevriliş hazırlanır və bir ildir qurumda çəkişmələr, qruplaşmalar var.
AFFA-da "qiyamçılar"ın əsas təşkilatçılarının hazırda FİFA-da direktor vəzifəsində çalışan Elxan Məmmədovla AFFA-nın indiki vitse-prezidenti Elşad Nəsirovun olduğu iddia olunur.
Elxan Məmmədov 15 il Azərbaycan futbolunu bərbad vəziyyətinə saldıqdan sonra Fransaya qaçdı, hansı yollasa, FİFA-da özünə iş tapdı.
AFFA-nın bir illik prezidenti Rövşən Nəcəf də fəaliyyəti dövründə keçmiş rəhbər Rövnəq Abdullayevin komandasının bataqlıq yolunu getdi ki, əvvəlkilərin qarşılaşdığı uğursuzluqlarla üzləşdi. İstər R.Abdullayev, istər R.Nəcəfin rəhbərliyi müddəti futbolumuz "0"da qaldı. Uzun müddət ölkədə bu sahəyə 1 milyard manatdan çox pul xərclənsə də, futbol "ölü" vəziyyətindədir. Ona görə ki, idarəçilik bərbad olub, pulların çoxu havaya sovrulub, talan edilib, kimlərsə varlanıb, bununla bahalı maşınlara, villalara sahib çıxıblar.
R.Nəcəf hesabat konfransında ölkə futbolunda çox problemlər olduğunu, milli komandanın uğursuzluğunu etiraf edib mediadan da kömək istədi. Halbuki AFFA prezidenti söz versə də, əməliylə qurumun "Biz birlikdə güclüyük" şüarına qarşı çıxaraq, mətbuata maliyyə bölgüsündə ədalətsiz mövqe tutaraq, bəzi zəhmətkeş jurnalistləri reklam vəsaitindən kənarda qoyub. AFFA-nın özünü "kral" hesab edən əksər rəhbərləri bir il müddətində daha çox "yuxu strategiyası"na üstünlük verdilər, kabinetlərdə qalmağa önəm verdilər, ölkədaxili oyunlara, regionlara getmədilər. Milyonları verməklə xaricilərə "inkişaf strategiyası" yazdırıldı. Mütəxəssislərin, ictimaiyyətin, medianın tənqidlərinə məhəl qoyulmadı. Uşaq futbolu, infrastruktur, hakimliklə bağlı acınacaqlı vəziyyət olduğu kimi, həmçinin yığma komandalar betər uğursuzluqlarla yadda qaldı. UEFA-dan göndərilən formalar, toplar, torların əksəriyyəti AFFA-da oğurlandı, uşaqlara cırıq toplar verildi.
AFFA-nın aldığı 44 milyon manatın 33 milyonu havayı xərcləndi.
İndi ölkə futbolunun inkişafı məsələsi arxa planda qalıb, AFFA-da pərdəarxasında vəzifə uğrunda "müharibə" gedir.
Ölkədə futbolu iflic vəziyyətinə salan, gənclər və idman naziri olmaq istəyinə çatmayan Elxan Məmmədovun AFFA prezidenti vəzifəsinə gəlmək iddiasında olduğu bildirilir.
Elxan Məmmədovla Rövşən Nəcəf arasında gizli savaş getdiyi deyilir. Bu "müharibə"də E.Nəsirovla dostlarının daha çox E.Məmmədova dəstək verdiyi ehtimal edilir.
AFFA prezidenti Rövşən Nəcəf Elxan Məmmədovun əsas kadrlarından biri, icraçı vitse-prezident Sərxan Hacıyevi "sıxışdırıb", əksər səlahiyyətlərini əlindən alıb, yeni baş katib Cahangir Fərəcullayevə üstünlük verib. S.Hacıyevin gizli "oyunlar"ın iştirakçısı olduğundan belə aqibətlə üzləşdiyi güman olunur.
R.Nəcəflə C.Fərəcullayevin qurumun konfransında kadr islahatı aparılacağına işarə vurmasına əsasən, AFFA-da pərdəarxası savaşın getdiyini də düşünmək olar.
FİFA-da işlərinin çətin olduğu deyilən Elxan Məmmədovun AFFA-ya dönmək istədiyi iddia olunur. Bir müddət əvvəl AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayev Parisdə FİFA-nın Avropa üzrə regional direktoru Elxan Məmmədovla görüşüb. C.Fərəcullayev AFFA-nın hesabat konfransında ölkə futbolunun acınacaqlı gündə olduğunu etiraf edərək, "sıfırdan başlamalıyıq" deməklə çox güman ki, əvvəlki rəhbərliyin bərbad fəaliyyətinə işarə vurdu. Bununla indiki rəhbərliyin də 0-da qaldığı bir daha təsdiqləndi.
E.Məmmədovun əvvəlcə AFFA-da başqa posta, sonra isə prezident vəzifəsinə gəlmək istəyində olduğu ehtimal olunur. Tərəflər arasında sülh yaranarsa, razılıq əldə olunarsa, R.Nəcəf S.Hacıyevi yola salıb, E.Məmmədovu icraçı vəzifəsinə gətirə bilər. Ancaq bunu AFFA-nın İcraiyyə Komitəsi təsdiq etməlidir. İK-in 13 üzvü sırasında prezident Rövşən Nəcəf, vitse-prezidentlər - Balakişi Qasımov, Elşad Nəsirov, Könül Mehtiyeva, icraçı vitse-prezident Sərxan Hacıyev, Fərid Mansurov, Maqsud Adıgözəlov, Qurban Qurbanov, Səməd Qurbanov, Xəyal Cəfərov, Leyla Xəlilova Rzazadə, Ülvi Mansurov və Zaur Axundov yer alıb.
AFFA bir ildə ayrılan 44 milyon manatın 33 milyonunu xərcləsə də, ölkə futbolunda dəhşətli vəziyyət dəyişməyib. Dövlətin klublara verəcəyi məbləğin azaldılması onların ziyanına olacaq. AFFA maliyyə mənbələri tapmaqda çətinlik çəkir. Rövnəq Abdullayevlə Elxan Məmmədova yaxın şirkətlərin futbola sərmayə qoymaqdan imtina etməsi durumu daha da çətinləşdirib.
AFFA-da gedən savaş da futbola böyük zərbədir. Hələ ki, Rövşən Nəcəf Elxan Məmmədovun çevrilişi reallaşdırmasının qarşısını alıb. Ancaq Məmmədovun qurumda kadrları çoxdur. Elxan Məmmədovsa AFFA-ya qayıtmaq üçün yollar axtarır.
Supersport.Az