AFFA qanunları yenə pozdu, prezident İlham Əliyevə də hörmətsizlik etdi

AFFA qanunları yenə pozdu, prezident İlham Əliyevə də hörmətsizlik etdi
Futbol, Eksklüziv
876
10 Aprel 2025 - 23:19

AFFA rəhbərliyi beynəlxalq və ölkə qanunlarına, Azərbaycan prezidenti İlham Əliyevin verdiyi qərarlara hörmətsizlik edib, rüsvayçı addım atıb. 


Supersport.Az AFFA-nın qanunsuz hərəkətləri ilə bağlı bəyanat yayıb. 


"Məsələ burasındadır ki, AFFA-nın 2025-ci il aprelin 11-də keçiriləcək konfransında iştirak üçün akkreditasiyadan keçmək məqsədilə Supersport.Az-ın baş redaktoru, UEFA-da videojurnalist kimi qeydiyyatda olan Anar Cəfərovun (Anar Cəfərsoyun) aprelin 8-də etdiyi müraciətinə AFFA-dan cavab verilməyib. 


SOCAR-ın rəhbəri Rövşən Nəcəfin prezidenti olduğu AFFA, buna heç bir səbəb göstərməyib. 


AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Supersport.Az-ın bu məsələylə bağlı zənglərinə və mesajlarına cavab verməyib. 


Supersport.Az, E.Məmmədliyə yazdığı ismarıcda AFFA rəhbərliyini qanunlara, Azərbaycan prezidenti İlham Əliyevin verdiyi qərarlara hörmətlə yanaşmağa və əməl etməyə çağırıb. 


AFFA rəsmiləri qanunsuz əməldən əl çəkmədiyi üçün Supersport.Az bəyanat yaymaq və ölkə prezidenti İlham Əliyevə şikayət etmək məcburiyyətində qalıb". 


Supersport.Az bəyan edir ki, AFFA-nın heç bir əsas olmadan saytımızın konfransda iştirakını qeydiyyata almaması istər beynəlxalq, istər ölkə qanunlarına, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin verdiyi qərarlara böyük hörmətsizlikdir, qəbulolunmazdır. Bu, kobud qanun pozuntusudur. Buna görə AFFA rəhbərliyi məsuliyyət daşıyır, bu məsələ məhkəmə predmetidir.   


"AFFA rəhbərliyi, Azərbaycan Republikasının Konstitutsiyasını, həmçinin “Media haqqında” qanunu kobud şəkildə pozub. 


Beynəlxalq və ölkə qanunlarına əsasən, jurnalist tədbirlərdə iştirak etmək, informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq hüququna malikdir.  


AFFA, dəfərlərlə beynəlxalq və ölkə qanunlarını pozaraq, saytımızın məlumat almaq cəhdlərinə mənfi cavab verib.  


Supersport.Az 16 illik fəaliyyəti dövründə hər zaman ölkəmizə faydalı olmağa çalışaraq fəaliyyətini davam etdirib. 


AFFA-nın Supersport.Az saytının konfransda iştirakına qadağası qanuna ziddir və mətbuata təzyiqdir. 


Azərbaycan Mətbuat Şurasının da üzvü olan Supersport.Az, 16 il ərzində ölkəmiz üçün faydalı işlər görməyə çalışıb. Videoçəkilişlərimiz komandalarımızın UEFA-dan haqsız cəza almasına mane olmaq üçün istifadə olunub. Bundan başqa, videogörüntülərimiz Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediasında verilib. 


Supersport.Az, AFFA-nı yenə qanunlara hörmət etməyə, konfransda təmsil olunmağımıza şərait yaratmağa çağırır. 


Supersport.Az, ölkə prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə, Azərbaycan Mətbuat Şurasına və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasına müraciət edir. Ümid edirik ki, məsələ müsbət həllini tapacaq. 


Supersport.Az saytının sabah – aprelin 11-də keçiriləcək AFFA-nın konfransında iştirakı təmin olunmasa, qanun çərçivəsində bütün addımları atacağıq”.

Digər xəbərlər