"Qəbələ"nin 11 komandasından 10 medal

"Qəbələ"nin 11 komandasından 10 medal
Futbol
27 May 2017 - 11:26
Supersport.Az-ın məlumatına görə, "Qəbələ" 2016-2017-ci illər mövsümünün ən yaxşı nəticəsinə imza atıb.

Klub 11 komanda ilə təmsil olunduğu liqalarda hamıdan çox mükafat toplayıb. Düzdür, "qırmızı-qaralar" ötən mövsüm çıxış etdiyi bütün liqalarda mükafatçılar sırasına düşməklə müəyyənləşdirdiyi Azərbaycan rekordunu təkrarlamasa da, bu mövsüm rəqibləri ilə müqayisədə daha çox çempionluq və medala yiyələnib.

Azərbaycan Premyer Liqasında 2-ci olan əsas komandamız tarixində ilk dəfə gümüş mükafata yiyələnib. Vitse-çempion həm də ardıcıl dördüncü dəfə mükafatçılar arasında yer alıb. Ardıcıl 2-ci, tarixdə 3-cü dəfə eyni mövsümdə həm əsas, həm də əvəzedicilər yarışı mükafatla başa vurub. Ötən mövsümdə ilk qızılını qazanan əvəzedicilər 2011-2012, 2013-2014-ci illərdə olduğu kimi yenə gümüş qazanıb. Aktivində 2009-2010, 2010-2011 mövsümlərinin bürüncü də olan komanda tarixində 6-cı dəfə "üçlük"də yer alıb.

Çempionatı gümüş mükafatla başa vuran Roman Qriqorçuk və Hüseynqulu Quliyevin yetirmələrinin bu uğurlarına futbol akademiyasının komandaları da qoşulub. AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən 9 liqada çıxış edən yeniyetmə oğlanlardan ibarət komandalarımızın 8-i mövsümü mükafatla bitirib. Onlardan beşi – U-16, U-15, U-13, U-12 və U-11 komandaları 2016-2017-ci illər mövsümünün qalibi olub. Bununla da Azərbaycan rekordu təkrarlanıb. Belə ki, indiyədək yalnız bir dəfə eyni klub eyni mövsümdə aşağı yaş qrupları üzrə 5 liqada çempionluq yaşamışdı. Bunu 2012-2013-cü illər mövsümündə "Qəbələ" gerçəkləşdirmişdi. Akademiyanın yeniyetmə futbolçuları 4 ildən sonra özünün müəyyənləşdirdiyi ölkə rekordunu təkrarlamağa müvəffəq olub. Ötən mövsüm çempion olaraq UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19 isə bu dəfə gümüşlə kifayətlənib. Bu, akademiyanın komandalarının yeganə, ümumilikdə isə əsas və əvəzedicilərdən sonra "Qəbələ"nin 3-cü ikinciliyi kimi tarixə düşüb. 5 çempionluq və 3 ikinciliyi olan klubun iki komandası bürünc mükafata yiyələnib. U-14 və U-10 yalnız yarımfinalda uduzaraq, III yer uğrundakı görüşdə qalib gələrək, medalçılar sırasına düşüb. Başa çatan mövsümdə yalnız U-17 mükafatçılar sırasına düşə bilməyib. Sonuncu tura qədər nəinki bürünc, hətta gümüş medal şansını qoruyan komanda yekunda "üçlük"dən 1 xal geridə qalıb.

Ümumilikdə akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə mükafatçılar sırasına 2009-2010-cu illər mövsümündə düşən "Qəbələ" son 8 mövsümdə artıq 46 dəfə ilk "üçlük"də yer alıb. Komandalar bu müddətdə 22 çempionluq yaşayıb, 16 dəfə 2-ci olub və 8 dəfə bürünc medala yiyələnib. Bu müddətdə cəmi 9 dəfə mükafat qazanılmayıb.

Digər xəbərlər