Supersport.Az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan sərbəst güləşçi Hacı Əliyev belə deyib.
61 kiloqram çəki dərəcəsində mübarizə apararaq pəhləvan, əvvəlcə görüşləri haqda açıqlama verib:
“Qırğızıstanlı güləşçi Alibek Osmonov ilə ilk dəfə idi qarşılaşırdım. Demək olar, onu tanımırdım. Heç də zəif rəqib deyildi. Ehtiyatla çıxış edərək, təmiz qələbə qazandım”.
Çempion, prezident İlham Əliyevin ailə üzvləri birlikdə final görüşlərini izləməsinin idmançılarda böyük ruh yüksəkliyi verdiyini bildirib:
“Çox sevinirəm ki, cənab prezident şəxsən görüşümü izlədi. Bu, biz idmançılara dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsidir”.
Avropa və ikiqat dünya çempionu deyib ki, əsas arzusu Olimpiya çempionu olmaqdır:
“Rio Olimpiadasında bürünc medal əldə etmişdim. Çalışacağam ki, 2020-ci ildə Tokio Olimpiadasında qızıl mükafat qazanım”.
Qeyd edək ki, ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev IV İslam Həmrəyliyi Oyunlarının həlledici qarşılaşmasında qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq birinci olub.