İslamiada: Boks yığmamız birinci oldu

İslamiada: Boks yığmamız birinci oldu
Maqazin, İslamiada-2017, Digər, Boks
18 May 2017 - 21:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Azərbaycan və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərini izləyib.

İslamiadada boks üzrə Azərbay ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn Cavid Çələbiyev qazandırıb.

Qalib idmançıya medalı dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

İslamiadada 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov finalda türkiyəli Burak Akşini 3:2 hesabı ilə məğlub edib.

Boks üzrə Azərbaycan millisinə üçüncü qızıl medalı Məhəmmədrəsul Məcidov qazandırıb. 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı məğlub edib - 4:1.

69 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Tamerlan Abdullayev həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovla bacarmayıb.

Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) finalda qazaxıstanlı Tursunbay Kulahmetə məğlub olub.

Boks komandamıza üçüncü gümüş medalı Rauf Rəhimov (81 kq) qazandırıb. Finalda türkmənistanlı Arslanbek Açilov ilə qarşılaşan R.Rəhimov rinqdən məyus ayrılıb.

Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb.

Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar.

Digər xəbərlər