Niyaməddin Paşayev: "İslamiadanın ölkəmizə böyük faydası olacaq"

Niyaməddin Paşayev: "İslamiadanın ölkəmizə böyük faydası olacaq"
Olimpiya, İslamiada-2017, Digər, Eksklüziv, Taekvondo
20 Fevral 2017 - 00:01
"İlk dəfə belə uğur qazandıq"

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, dünya çempionu Niyaməddin Paşayev Supersport.Az-a müsahibə verib.

- Niyaməddin bəy, idmançılarımızın son iki turnirdə çıxışını necə dəyərləndirirsiniz?

- Biz üçüncü dəfə klublararası Avropa çempionatında iştirak etdik. Türkiyənin Antalya şəhərində təşkil olunan mötəbər turnirdə 40 klubdan 900-dən çox idmançı mübarizə apardı. Yarışda yeniyetmələr, gənclər və böyüklər iştirak etdilər. Olimpiadadan sonra taekvondonun yeni qaydaları ilə keçirilən turnirə ilk dəfə qatıldıq, 81 idmançıyla təmsil olunduq. Təmsilçilərimiz yaxşı nəticə göstərdilər. Dünya Taekvondo Federasiyasının qərarına görə, həm cərimə, həm xal sistemində yeniliklər olmuşdu, həmçinin elektron jilet, elektron kaskanın zərbə gücünün gücləndirilməsiylə bağlı. Ancaq bəzi idmançılarımız yeni qaydalara tam olaraq öyrəşə bilməyiblər. Ümumilikdə isə nəticələri qənaətbəxş hesab etmək olar. Federasiyamızın baş hakimi Elşən Quliyev bütün taekvondoçulara yeni qaydalarla bağlı seminarlar keçmişdi. "Gilan" 40 klub sırasında birinci oldu. Müxtəluf klublarımızın yetirmələri ümumulikdə 32 medalla uğurlu nəticəyə imza atdılar. Gilan İ.K. kişilər arasında ilk pilləyə, qadınlar arasında ikinci pilləyə, ümumi komanda hesabında da ilk pilləyə sahib oldu. İlk dəfə belə uğur qazandıq. Həm məşqçilərimizə, həm də idmançılarımıza təşəkkür edirik.

- Olimpiya çempionu Radik İsayevin məğlubiyyətinin səbəbi nə ilə bağlıdır?

- Təcrübəli idmançılarımızdan Radik İsayev, Milad Beiqi Hərçəqanini, Patimat Abakarovanı yeni qaydalarla keçirilən döyüşləri izləməsi üçün aparmışdıq. Olimpiya çempionumuz, yeni qaydalara tam uyğunlaşmadığına görə Avropa çempionatında final görüşündə məğlub oldu. Patimat öz çəkisində 49 kq-da yox, 53 kq-da mübarizə apardı. "Turkish Open"də güclü rəqiblərlə, Avropa çempionu ilə döyüşdü. Bu turnirdə 2 qızıl, 3 gümüş və 5 bürünc, ümumilikdə 10 medala sahib olan yığma komandamızın liderləri Radik İsaev və Milad Beigi Hərçəqani bu yarışda iştirak etmədilər.


Fevralın 20-də (bu gün-red.),təlim-məşq toplanışı başlayacaq. Martda Niderlandda açıq turnirdə, apreldə Yunanıstanda yarışda iştirak edəcəyik. Türkiyədə 68 kq çəki dərəcəsində Ayxan Tağızadə, Avropa çempionu Sina Bəhrami birinci oldu. Niderlandda hər ikisi döyüşəcək. 54, 63, 68, 87 çəki dərəcələrində İslamiadada ölkəmizi hansı idmançıların təmsil edəcəyinə aydınlıq gəlməyib. Radik İsayev, Patimat Abakarova, Milad Beiqi Hərçəqani, Fəridə Əzizova və Səid Quliyevin bu yarışda iştirakı nəzərdə tutulur.

- İslamiada ölkəmizə nə verəcək?

- Bunun böyük faydası olacaq. İslam Həmrəylik Oyunları kimi mötəbər yarışın da ölkəmizdə təşkil olunacağı dövlətimizin gücündən, uğurlarından xəbər verir. İslam ölkələri bizim dinə verdiyimiz dəyərin, idmanımızın inkişafnın şahidi olacaqlar. İslamiadaya qatılacaq idmançılar xalqımızın qonaqpərvərliyini, mehribanlığını, istiqanlığını, mədəniyyətimizi, tarixi abidələrimizi görəcək.

İnanıram ki, taekvondoçularımız bu yarışda da möhtəşəm uğur qazanacaqlar.

İki idmançımız Radiklə Fəridənin İslamiadanın səfiri seçilməsi sevindiricidir.

- İdmanın inkişafında bölgələrin də rolu mühüm əhəmiyyət daşıyır. Bu baxımdan hansı işlər aparılır?

- Bəli, doğru qeyd etdiniz. Çalışırıq ki, regionlarda taekvondoya maraq daha da artsın. Hər iki ayda bir yarışın təşkili nəzərdə tutulur. Qarabağ zonasında da taekvondo üçün geniş baza qurulması planlaşdırılıb. Quzanlıda məşqçi Habil bəy, müxtəlif yaş qruplarını hazılayır. İstəyirik ki, həmin idmançılar da ölkədaxili yarışlarda iştirak etsinlər. Ağdamda turnir təşkil etmək üçün Gənclər və İdman Nazirliyi, icra hakimiyyyəti ilə məsləhətləşəcəyik. Hər il 5 bölgədə yarışlar keçiririk.

Süleyman Kərimov

Digər xəbərlər